Xəbər verdiyimiz kimi, iyunun 12-dən 16-dək Azərbaycan Bəstəkarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gənc bəstəkarların əsərlərindən ibarət plenum keçirilib. Gənc musiqiçilərin yaradıcılıq hesabatı Milli Qurtuluş Gününə həsr olunub.
   
   İyunun 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında gənc bəstəkarların əsərlərindən ibarət plenum çərçivəsində növbəti konsert olub.
   Tədbirdə çıxış edən musiqişünas Jalə Qulamova müstəqillik illərində Azərbaycan bəstəkarlarının gördüyü işlərdən və gənc sənətçilərin yaradıcılığından söz açıb. O, ənənəvi olaraq keçirilən gənc bəstəkarların əsərlərindən ibarət plenumu yüksək qiymətləndirib. Qeyd olunub ki, plenum gənc bəstəkarlara yaradıcılıqlarını daha da inkişaf etdirmək, eyni zamanda tanınmış bəstəkarların tövsiyələrini dinləmək üçün böyük imkanlar yaradır.
   Konsertdə gənc bəstəkarlar Aliyə Məmmədova və Rüfət Xəlilovun əsərlərini solist, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova ifa edib. Günay Mirzəyevanın “Simli kvartet”i Azərbaycan Dövlət Simli Kvarteti tərəfindən səsləndirilib.
   Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında isə Kərəm Əkbərov, Kamran Nəsirov, Kəmalə Əlizadə və Ceyhun Allahverdiyevin əsərləri dinlənilib. Konsertdə səslənən əsərlər alqışlarla qarşılanıb.