İyunun 30-da Macarıstanın Sombateli şəhərində keçiriləcək konsertdə Vyana orkestrinin (Wienerklassik Orchester) ifasında azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın bəstələdiyi "In memoriam Kara Karayev" əsəri səslənəcək.
   
   Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, böyük bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunan bu əsər Sombateli şəhərindəki tarixi Hartberq qəsrində təşkil edilən "Rusiya Gecəsi" çərçivəsində ifa olunacaq.
   Solo hissənin ifaçısı macar pianoçu Lorand Bosodidir. Dirijor isə avstriyalı Hermine Pakdır. Konsertdə Xədicə Zeynalovanın əsəri ilə yanaşı, dünyaca məşhur bəstəkarların əsərləri də səsləndiriləcək.
   Bəstəkar Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının məzunu, Fridrix-Ebert Fondunun təqaüdçüsü, Paderborn Universitetinin doktorudur. İndiyədək Avropanın müxtəlif şəhərlərində keçirilən klassik musiqi konsertlərində onun bir sıra əsərləri musiqisevərlərə təqdim olunub.