İsveçrənin Montrö şəhərində ənənəvi beynəlxalq caz festivalı (Montreux Jazz Festival) keçirilir. 
   1967-ci ildən ənənəvi olaraq təşkil olunan festival caz musiqisi sahəsində dünyanın ən nüfuzlu sənət yarışmasıdır. Festival bir qayda olaraq iyunun sonu - iyulun əvvəlində gerçəkləşir. Ölkəmiz də son bir neçə ildə bu musiqi bayramında uğurla təmsil olunur.
   Budəfəki festivalda da Azərbaycanın caz ustaları, musiqi kollektivləri iştirak edirlər. Montrö Caz Festivalının builki baş sponsorları (tanınmış UBS, Parmigiani, MANOR, Vaudois və s. şirkətlər) sırasında Azərbaycan Dövlət Neft Şirkəti də yer alıb. Bu münasibətlə iyulun 1-də Montrö Caz Festivalının sahibi Klod Nobsun İsveçrədəki evində ARDNŞ tərəfindən ziyafət təşkil olunub.
   Azərbaycan bayrağı altında keçirilmiş ziyafətdə qonaqlara Bakılı aşpazlar tərəfindən milli yeməklərimiz təqdim olunub. Daha sonra gecənin qonaqları festivalın vokalçılar müsabiqəsində azərbaycanı təmsil edəcək Aysel Məmmədova və tanınmış pianoçu İsfar Sarabskinin ifalarını dinləyiblər. Festivalın sahibi Klod Nobs Azərbaycanlı musiqiçilərin ifasını yüksək qiymətləndirib.
   Qeyd edək ki, Montrö Caz Festivalında “Natiq” ritm qrupu, Cəmil Əmirov və “Savab” qrupu da iştirak edir. İyulun 8-də festival çərçivəsində keçiriləcək pianoçuların müsabiqəsində Azərbaycanı pianoçumuz Əfqan Rəsul təmsil edəcək.