Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Avropanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan Qut-İmmlinq Opera sənəti festivalına dəvət olunub. Festivalın baş direktoru Lüdviq Bauman bununla bağlı Opera və Balet Teatrının rəhbərliyinə məktub göndərib.
   
   Teatrın mətbuat xidmətindən verilən məlumata görə, orkestr bu festivalda artıq beşinci dəfə iştirak edəcək. Musiqiçilərimiz ötən illərdə yüksək professional ifaları ilə alman tamaşaçıların rəğbətini qazanıb, Almaniyanın KİV və musiqi tənqidçiləri tərəfindən onların çıxışlarına yüksək qiymət verilib.
   Orkestr avqustun 8-13-də Almaniyada olacaq. 60 nəfərlik heyət avqustun 12-də festivalın “Qrand final” adlanan Qala-konsertində iştirak edəcək. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev və F.Əmirovun da əsərləri səslənəcək.
   Ənənə üzrə hər il yay aylarında keçirilən Qut-İmmlinq opera festivalında bu il Avropa, ABŞ, Latın Amerikası, Yaponiya, ümumilikdə 34 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcəklər. Festival çərçivəsində keçirilən tamaşa və konsertlər Almaniya və Avropanın televiziya kanallarında geniş işıqlandırılır.
   Final konsertində orkestri teatrın baş dirijoru, Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov və Qut-İmmlinq festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəklər. Opera və Balet Teatrının festivalda iştirakı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək.
   Simfonik orkestrin Avropanın ən möhtəşəm musiqi bayramlarından biri olan Qut-İmmlinq festivalında iştirakı Azərbaycan akademik sənətinin böyük uğurudur və simfonik orkestrinin yüksək professional səviyyəsini nümayiş etdirir.