İyulun 10-dan 19-dək Bakıda ənənəvi VIII Beynəlxalq Bakı Müəllif Mahnısı Festivalı keçiriləcək. Festival Azərbaycan Gənclər və İdman Nazirliyinin sponsorluğu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.
   Bakı Müəllif Mahnısı Klubunun təşkilat komitəsindən verilən xəbərə görə, festivalın rəsmi açılışı iyulun 14-də Novxanı qəsəbəsində yerləşən “Olimpik” Mərkəzində olacaq. Ayın 10-dan 19-dək isə Rəşid Behbudov adına Mahnı Teatrında festivalın qonaqları və iştirakçılarının konsertləri keçiriləcək.
   İyulun 13-də Bakıda Tbilisi Müəllif Mahnısı Klubunun konserti planlaşdırılır. Ayın 15-də ilk dəfə olaraq festival çərçivəsində xüsusi müsabiqə konserti keçiriləcək. Bu müsabiqədə Rusiya, Gürcüstan və Azərbaycanın gənc bardları öz yaradıcılığını nümayiş etdirəcəklər. Bu il Bakı festivalına bir sıra gənc və istedadlı bardlar təşrif buyuracaq ki, bu da müəllif mahnısı janrının yaşayaraq inkişaf etdiyini sübut edir.
   Festivalın yekun konserti iyulun 19-da Mahnı Teatrında keçiriləcək. Qeyd edək ki, müəllif (bard) mahnısı istiqaməti ötən əsrin 50-60-cı illərində keçmiş SSRİ-də yaranıb.