Fransanın paytaxtındakı “Gimnaziya” teatrında “Paris səması“ adlı Beynəlxalq mahnı festivalı keçirilib. Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, Fransa, İsveçrə və digər ölkələrdən müxtəlif yaş qrupunda 300-dən artıq ifaçının iştirak etdiyi musiqi yarışmasında ölkəmizi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti İslam Qasımov təmsil edib.
   Festivalda rəqs, teatr, estrada və akademik vokal, musiqi alətlərində ifa nominasiyaları üzrə qaliblər müəyyənləşib. Akademik vokal nominasiyasında gənc azərbaycanlı vokalçı İslam Qasımov görkəmli bəstəkar Tofiq Quliyevin “Bakı haqqında mahnı” və italyan bəstəkarı E.Kurtisin “Sorenteya qayıt” əsərlərini ifa edib. Onun ifası münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb, müəllimi Məryəm Babayevanın da əməyi yüksək qiymətləndirilib.
   Azərbaycan Milli Konservatoriyasının dosenti M.Babayeva öz yetirməsi barədə belə deyib: “Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti İslam Qasımov, eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki musiqi məktəbinin dördüncü sinfinin vokal şöbəsində təhsil alır. Beynəlxalq festivalda ilk dəfə gücünü sınayan gənc vokalçı Azərbaycanda dəfələrlə uğurlu çıxışları ilə seçilib. Gənc vokalçının 2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Qala“ festivalında və 2011-ci ildə Bakıda ölkəmizin qonağı olan məşhur italyan müğənnisi Roberino Loretti ilə birlikdə ifa etdiyi mahnılar musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. İnanıram ki, istedadlı şagirdim gələcəkdə yeni-yeni uğurlar qazanacaq və ölkəmizin mədəniyyətinə qələbə dolu səhifələr yazacaqdır”.