Nürnberq Dövlət Opera Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı, vokalçıların Müslüm Maqomayev adına I beynəlxalq müsabiqəsinin qalibi Cavid Səmədov Buxman-Matı adına Təl-Əviv Musiqi Akademiyasının dəvəti ilə İsraildə səfərdə olub. O, V.A.Motsartın “Don Juan” operasında Leporellonun partiyasını uğurla ifa edib. Azərbaycan solistinin iştirakı ilə hər üç tamaşa anşlaqla keçib.
   Akademiyanın rəhbərliyi bununla əlaqədar vokalçıya təşəkkür məktubu göndərib.
   Bu barədə məlumat verən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) yanında Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman Cavid Səmədovun İsraildə yaşayan Azərbaycan əsilli musiqi elitası ilə görüşünün keçirildiyini də bildirib. Görüşdə “AZİZ” Assosiasiyasının Ağsaqqallar Şurasının sədri, professor Miron Fel, Azərbaycanın Xalq artisti, bəstəkar Elmira Nəzirova, Azərbaycanın Əməkdar artisti, skripkaçı Leonid Barştak və başqaları iştirak ediblər.