“Sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir”
   
   Ümummilli lider Heydər Əliyev

   
   
   Musiqi estetik tərbiyə vasitəsidir. O, yetişən nəslin təfəkkür qabiliyyətinin inkişafında böyük rol oynayır. Son zamanlar incəsənətin digər sahələrində olduğu kimi, musiqidə də yaradıcı gənclərə geniş yer verilir. Çünki gənclər bizim gələcəyimizdir. Onlar Azərbaycan musiqisinin gələcəyinə bir körpüdür. Qabiliyyətli gənclərə şərait yaratmaqla, doğru yol göstərməklə onları böyük səhnələrə çıxarmaq lazımdır.
   
   Azərbaycan Bəstəkarlar İttifaqının xətti ilə keçirilən müxtəlif tədbirlərdə, milli musiqimizin inkişafına xidmət edən layihələrdə bu məqam hər zaman diqqətə alınır.
   İyunun 12-dən 16-dək keçirilən "Gənc bəstəkarların əsərlərindən ibarət plenum" da yeni nəsil musiqiçilərimizin ictimaiyyətə təqdimatı baxımdan əlamətdar hadisə oldu.
   Plenumda üç gün ərzində gənc bəstəkarların müxtəlif janrlarda yazılmış yeni əsərlərindən ibarət konsert proqramları dinlənildi. Bu konsertlərdən biri - iyunun 15-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və dirijoru olduğu Azərbaycan Dövlət Kamera Orkestrinin konserti haqqında bir qədər ətraflı söz açmaq istəyirəm.
   Konsert şərti olaraq iki hissəyə ayrılmışdı. I hissədə piano üçün 2 əsər və simli kvartet səsləndi. II hissədə isə yalnız kamera orkestri üçün yazılmış 4 əsər dinlənildi.
   I hissədə səslənən ilk əsər Aliyə Məmmədovanın "Piano üçün yazılmış 2 prelüd"ü idi. Gənc bəstəkar 1996-cı ildə Bakı Musiqi Akademiyasında (BMA) Fərəc Qarayevin bəstəkarlıq sinfini bitirib. Beynəlxalq müsabiqə laureatıdır. Böyük simfonik orkestr üçün simfoniyanın, "Simli kvartet"in, solo gitara üçün "Sükutla dialoq", kamera ansamblı üçün "Nurlu kədər", orkestr üçün "Adagio" adlı pyes, bas klarnet və gitara üçün "KOAN", “Humayun” tar və kamera ansamblı üçün musiqi və s. əsərlərin müəllifidir. 2007-ci ildən Bəstəkarlar İttifaqının üzvüdür. Hazırda Bakı Musiqi Akademiyasında "Musiqi nəzəriyyəsi" şöbəsində baş müəllim işləyir və 21 saylı Rostropoviçlər adına 11 illik musiqi məktəbində musiqi nəzəriyyəsi və bəstəkarlıqdan dərs verir.
   Konsertdə ifa olunan 2 prelüd kiçik silsilə təşkil edir. I prelüd bir növ giriş rolunu oynayır. Burada sakit obraz lakonik şəkildə təqdim olunur. Ardınca klassisizm ənənələrinə söykənən tematik başlanğıc özünün geniş inkişafına can atır. Əsər BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova tərəfindən böyük müvəffəqiyyətlə ifa olundu.
   Növbəti əsər Rüfət Xəlilovun "Piano üçün sonatina"sı idi. Rüfət Xəlilov 1997-ci ildə Bakı Musiqi Akademiyasını İsmayıl Hacıbəyovun bəstəkarlıq sinfində bakalavr üzrə, 1999-cu ildə isə magistr üzrə bitirib. 2000-2002-ci illərdə aspiranturada təhsil alıb. 2004-2005-ci illərdə Almaniyada bəstəkarlıq üzrə staj kursu keçib. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Rüfət Xəlilov bir çox janrlarda öz qələmini sınayıb, müxtəlif səpgili əsərlər, o cümlədən simfonik orkestr üçün memuarlar, orkestr üçün üçhissəli konsert, simli kvartet, kamera orkestri üçün "Şərhsiz", "Gözləmə", "2 vokal miniatür" və s. yazıb.
   Bəstəkar "Piano üçün sonatina" əsərini gənc bəstəkar Əməkdar incəsənət xadimi, virtuoz pianoçu Ülviyyə Hacıbəyovaya həsr edib. Əsər Ülviyyə xanımın özü tərəfindən ifa olundu.
   Növbəti əsər gənc bəstəkar Günay Mirzəyevanın "Simli kvarteti" oldu. Günay Mirzəyeva BMA-nın bəstəkarlıq fakültəsində İsmayıl Hacıbəyov və Aydın Əzimovun sinfində təhsil alıb, bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. Prelüdiyalar, variasiyalar, sonatalar, simli kvartet və başqa əsərlərin müəllifidir. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı (2007-2015) çərçivəsində Almaniyanın Ştutqart Konservatoriyasına magistr pilləsinin bəstəkarlıq fakütəsinə qəbul olunub. 2011-ci ildən həm İtaliyada Roma Konservatoriyasında, həm də Almaniyada Karlsrue şəhərində məşhur bəstəkar Volfqanq Rimin bəstəkarlıq sinfində doktorantura pilləsində təhsil alır. Gənc bəstəkar "Simli kvarteti" 2008-ci ildə yazıb. Əsər üç hissədən ibarətdir. Hissələr bir-birindən templəri ilə fərqlənsələr də, ümumilikdə dəyişik hisslər və emosiyalar daşıyır. Əsər Azərbaycan Dövlət Simli Kvartetinin - xalq artistləri Uran Seyidov (I violin), Soltan Məmmədova (II violin), Vaxtanq İmanov (viola) və Əməkdar artist Aleksey Miltıxın (violonçel) ifasında alqışlarla səsləndi.
   Konsertin 2-ci hissəsində ilk səslənən əsər gənc bəstəkar Kərəm Əkbərovun "Kamera orkestri üçün süita"sı oldu. O, 2010-cu ildə Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində Arif Məlikovun sinfini bitirib. BMA-nın nəzdində məktəb-studiyanın müəllimidir. Tələbəlik illərindən bir sıra janrlarda maraqlı əsərlər yazmağa başlayıb: fortepiano üçün sonata, 6 prelüd, simfonik orkestr üçün lövhə, "Azərbaycan" simfonik poeması, skripka və fortepiano üçün pyeslər və s. Hazırda simfoniya üzərində işləyir.
   Bəstəkarın dinlənilən "Kamera orkestri üçün süita"sı 2011-ci ildə Kanadada Azərbaycan Mədəniyyəti Günlərində səslənib. Azərbaycanda ilk dəfə eşidilən bu süita üç hissədən ibarətdir: “Türk rəqsi”, “Bahar” və “Tokkata”.
   Daha sonra Kamran Nəsirovun kamera orkestri üçün "Üzeyirnamə" əsəri təqdim olundu. O, 2011-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq fakültəsini Cəlal Abbasovun sinfində bitirib. Müxtəlif janrlarda əsərlərin - “Simli kvartet", "Məhəbbətin fəryadı" adlı simfonik poema, "Klarnet və xalq çalğı alətləri üçün konsert", "Yanvar elegiyası" adlı qaboy və fortepiano üçün pyes, prelüdlər və s. müəllifidir. Gənc bəstəkarın kamera orkestri üçün "Üzeyirnamə" əsəri sonata formasında yazılıb. Muğamla klassik musiqinin sintezindən istifadə edən gənc burada dahi bəstəkarın yaradıcılığına olan heyranlığını və böyük rəğbətini özünəməxsus şəkildə əks etdirməyə çalışıb.
   Əsəri səslənən növbəti gənc bəstəkar Kəmalə Əlizadədir. 1996-2000-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında iki fakültə üzrə - piano ixtisası üzrə professor Elmira Səfərovanın, bəstəkarlıq ixtisası üzrə professor Arif Məlikovun sinfində təhsil alıb. Müxtəlif janrlarda əsərlər - "Simfoniya", "Fortepiano və böyük simfonik orkestr üçün konsert", ‘’Venessiya abu-havalı musiqi’’ adlı balet süitası, "Simli kvartet", fortepiano üçün yazılmış "Sonata", "15 prelüdiya" və s. yazıb. 2006-cı ildə İtaliya səfirliyinin keçirdiyi təqaüd müsabiqəsinin qalibi seçilib və İtaliyanın Modena şəhərindəki “Oratsio Vekki” Konservatoriyasının bəstəkarı professor Antonio Cakomettinin dəvəti ilə orada bəstəkarlıq staj kursları alır. Kəmalə Əlizadənin əsərləri İtaliya, Hollandiya, Yaponiya, Amerikada uğurla səslənib.
   Bəstəkarın konsertdə səslənən "İtirilmiş cənnət" əsəri Azərbaycanın cənnət guşəsi olan Şuşaya həsr olunub. Bu əsərdə o, Şuşa itkisinin ağrı-acısını musiqi dili vasitəsilə çox gözəl əks etdirib. Süita 5 hissədən ibarətdir. Konsertdə süitadan 2 nömrə - “Şuşa və Cıdır düzü” səsləndi.
   Daha sonra bəstəkar Ceyhun Allahverdiyevin "Misri" əsəri dinlənildi. Ceyhun Allahverdiyev 1990-cı ildə Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə Arif Məlikovun, 1992-ci ildə isə fortepiano ixtisası üzrə Elmira Əliyevanın sinfini bitirib. Müxtəlif janrlarda qələmini sınayan bəstəkarın yaradıcılıq sahəsi genişdir. O, 2 simfoniya, simli kvartet, fortepiano və simfonik orkestr üçün «Konsert», fortepiano üçün «Prelüdlər», Nizaminin sözlərinə iki romansın, simfonik orkestr və xor üçün «Milli marş», mahnılar və s. müəllifidir. BMA-nın bəstəkarlıq kafedrasının dosenti kimi pedaqoji fəaliyyətlə də məşğul olur.
   Gənc bəstəkarın kamera orkestri üçün "Misri" əsəri dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə ithaf olunub. Rondo formasında yazılan bu əsərdə harmonik və polifonik elementlər, aşıq ritmikası, muğam çalarları, olduqca rəngarəng, zərif və parlaq boyalarla verilən zəngin hiss və duyğular qabarıq şəkildə özünü göstərir.
   Nəhayət, konsert adı musiqi incəsənətinə yaxşı bələd olan, bəstəkarlıq sənətində öz sözünü demiş, yaradıcılığının məhsuldar dövrünü yaşayan Əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin “Simli orkestr üçün musiqi"si ilə tamamlandı. Əsər Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Xalq artisti Teymur Göyçayevə həsr olunub. Sonata-alleqro formasında yazılan əsəri simfoniya da adlandırmaq olar. Burada bəstəkar harmonik və polifonik xüsusiyyətlərdən, milli və müasir elementlərdən, muğam və aşıq musiqisindən, müasir bəstəkarlıq texnikasından özünəməxsus ustalıqla istifadə edib.
   Ümumiyyətlə, bu plenumun keçirilməsi Azərbaycanda gənc bəstəkarlara göstərilən qayğının bariz nümunəsi kimi çox diqqətəlayiqdir. Plenumda əsərləri dinlədikcə bir daha qürur hissi duyduq ki, gənc nəsil müasir musiqiyə necə böyük həvəslə yanaşır, dünya arenasına qatılmağa çalışır. Bu gənclərin əksəriyyəti xaricdə təhsil alır, əsərləri dünya musiqi orkestrlərinin ifasında səslənir. İnanırıq ki, onlar XXI əsr Azərbaycan musiqi mədəniyyətinin layiqli təmsilçisi kimi professional musiqi incəsənətimizi yüksək səviyyədə inkişaf etdirmək naminə yeni-yeni nailiyyətlər qazanacaqlar.
   
   Jalə Qulamova,
   Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq namizədi