Macarıstanın Sombatey şəhərində keçirilən konsertdə Vyana orkestrinin ifasında azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın bəstələdiyi “In memoriam Kara Karayev” əsəri səslənib. Dahi Azərbaycan bəstəkarının xatirəsinə həsr edilən əsər Sombatey şəhərindəki tarixi Hartberg Qəsrində təşkil edilən “Rusiya gecəsi” çərçivəsində ifa olunub. Əsərin solo hissəsinin ifaçısı macar pianoçusu Lorand Bosodi, dirijoru isə avstriyalı Hermine Pak olub. Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının məzunu, Fridrix-Ebert Fondunun təqaüdçüsü, Padoborn Universitetinin doktorudur. İndiyədək Avropanın müxtəlif şəhərlərində keçirilən klassik musiqi konsertlərində onun bir sıra əsərləri musiqisevərlərə təqdim olunub.