Tanınmış ədəbiyyatşünas, yazıçı-publisist, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Rafael Hüseynovun “Hamısı ulduz. Musiqi tariximizin səhifələri” adlı yeni kitabı çapdan çıxıb.
   
   Nəşrdə musiqi tarixində silinməz izlər qoymuş görkəmli sənətkarların ömür və sənət yolları haqqında toplanan yazılar müəllifin 30 ildən artıq müddətdə apardığı tədqiqatların, sənət xadimlərimizlə müntəzəm ünsiyyət və müsahibələrinin bəhrəsi kimi meydana gəlib. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən 888 səhifəlik kitabın redaktorları Xalq artisti, professor Fərhad Bədəlbəyli və akademik Teymur Bünyadovdur.
   Nəşrdə milli musiqimizin, muğam sənətimizin mahir ifaçıları olmuş Qurban Pirimov, Xan Şuşinski, Zülfü Adıgözəlov, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova kimi böyük ustadlardan bəhs edilir. Azərbaycan caz musiqisinin tanınmış simalarından olan alt-saksafonçu Pərviz Rüstəmbəyovun qısa, amma sənət nailiyyətləri baxımından zəngin və təəssüflər ki, faciəli sonluqla tamamlanan portretinin fonunda müəllif həm də bu musiqi janrının ölkəmizdəki tarixi yolunun mənzərəsini yaradır.
   Kitabda yer alan yazıları nadir fotolar, afişalar, konsert və tamaşaların proqramları, əlyazmaları, rəsmlərin reproduksiyaları müşayiət edir. Bu sənədlər uzun illərin araşdırmaları nəticəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Milli Təhlükəsizlik Nazirliyinin arxivi və digər mənbələrdən toplanıb. Kitab xalq musiqimizin tarixi və onun əbədiyaşar ifaçıları haqqında qiymətli mənbədir.