Xalqımızın istedadlı insanlarının, o cümlədən yaradıcı gənclərimizin müxtəlif beynəlxalq müsabiqə və festivallarda mütəmadi olaraq qazandıqları uğurlarla sevinməyə, onların qələbələrini alqışlamağa artıq adət etmişik. Bu fərəh dolu anlar dövlətin mədəniyyətə, incəsənətə diqqət və qayğısının bariz göstəricisidir. Yeniyetmə və gənclərin bir-birini əvəzləyən qələbələri mədəniyyətimizin, incəsənətimizin, ruhumuzun əbədi laylası olan musiqimizin gələcəyinin istedadlı əllərdə olduğunu bir daha sübut edir.

   Bu günlərdə belə istedadlardan daha üçünün xoş sorağını aldıq. Onlar bir çox yerli və xarici müsabiqələrdə uğurla çıxış edən Jalə Mayılova, ilk dəfə iştirak etdikləri irimiqyaslı beynəlxalq müsabiqədən ikinciliklə qayıdan Rahib İsgəndərov və Emil Əhmədzadədir. Gəlin, onları daha yaxından tanıyaq.
   Jalə Eldəniz qızı Mayılova 2000-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan musiqiyə sonsuz sevgi göstərən balaca Jalənin bu həvəsini hiss edən valideynləri onu 8 yaşında ikən Rauf Hacıyev adına 15 saylı onbirillik musiqi məktəbinə gətirirlər. Müsabiqə yolu ilə Əməkdar müəllim Tamilla Məmmədovanın sinfinə daxil olaraq fortepianonun sirlərini öyrənməyə başlayan Jalə elə ilk vaxtlardan uğurları ilə müəllimlərinin etimadını doğrultmağa başlayır. Jalənin fitri istedadı bir çox görkəmli musiqiçiləri də yaxşı mənada təəccübləndirir. Onun ifasındakı yüksək peşəkarlıq və musiqiçiyə xas səhnə sərbəstliyi balaca qızcığazın səhnə, musiqi üçün yarandığını deməyə əsas verir.
   Yaşının az olmasına baxmayaraq, bir sıra uğurlara imza atan Jalə 2010-cu ildə Polşanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə keçirilən Şopen müsabiqəsində uğurla iştirak edərək xüsusi mükafata layiq görülür, diplomla təltif edilir. Yeniyetmə ifaçı 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə təşkil olunan VIII Respublika baxış-müsabiqəsində ikinciliyi, bu ilin aprelində Gənclər və İdman Nazirliyi ilə İSESCO-nun dəstəyi, «Kainat» Gənclik Mərkəzinin və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən İslam dünyası gənclərinin (20 yaşadək) klassik musiqi ifaçılarının I beynəlxalq müsabiqəsində qalibiyyəti də öz adına yazdırır.
   Bu qələbədən ruhlanan Jalə növbəti uğura ölkə hüdudlarından kənarda imza atıb. Belə ki, o, 1-8 iyun tarixlərində Yuri Başmetin rəhbərliyi ilə Rusiyanın Samara vilayətində təşkil olunan Uşaq Musiqi Akademiyasında Rostislav Krimerdən ustad dərsləri alıb, parlaq çıxışlarına görə fərqlənərək qala konsertdə iştirak imkanı qazanıb, diplom və kubokla təltif edilib. Jalə bu il həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Pianoçuların III Respublika müsabiqəsinin də laureatı (III yer) adını qazanıb.
   Bu günlərdə istedadlı musiqiçimizin daha bir uğuruna sevindik. Yeniyetmə ifaçı iyulun 3-9-da Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq festival-müsabiqədə qızıl medala layiq görülüb. Ukrayna Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hər il dünyanın müxtəlif şəhərlərində baş tutan müsabiqənin budəfəki iştirakçıları arasında Almaniya, Qazaxıstan, Çexiya, Ukrayna, Rusiya, Serbiya, Bosniya və Herseqovina, Avstriya və Baltik ölkələrindən nümayəndələr olub. 107 iştirakçının qatıldığı müsabiqədə qələbə qazanan həmyerlimiz solo və ansambl nominasiyalarında fərqlənməklə iki qızıl medalla təltif olunub.
   Bu qələbəsində müəllimi Tamilla xanımın böyük payının olduğunu dilə gətirən ifaçımız bundan sonra daha əzmlə çalışaraq ölkəmizin adını nüfuzlu müsabiqələrdə ucaltmaq istəyir.
   Müsabiqədən ikinciliklə qayıdan digər təmsilçilərimiz - orta yaş qrupunda fərqlənən Rahib İsgəndərov və aşağı yaş qrupunda ikincilik əldə edən Emil Əhmədzadə haqqında da müəllimləri Tamilla Məmmədova məlumat verdi: “Bütün müəllimlər kimi mən də şagirdlərimin qələbəsinə sevinir, onları daha böyük uğurlara səsləyirəm. İstedadlı uşaqların, xüsusən daha güclü təsir bağışlayan Rusiya və Ukrayna təmsilçiləri arasından seçilərək yüksək yerlərə bizim uşaqların layiq görülməsi məni çox sevindirdi. Təbii ki, bu, şagirdlərimin gərgin əməyinin nəticəsi idi. Təsadüfi deyil ki, müxtəlif janrlarda təşkil olunan müsabiqənin instrumental ifaçılıq bölməsində Rusiya, Ukrayna, Macarıstan, Çexiya və Avstriyadan olan münsiflər bizim uşaqların ifaçılığını yüksək qiymətləndirdilər, tədris metodumuzu bəyəndiklərini dilə gətirdilər.
   Müsabiqədə Jalənin birincilik qazanması hər birimizi sevindirdi. Amma istedadlı şagirdlərim bir qələbə ilə kifayətlənmədilər. Müsabiqəyə orta yaş qrupunda qatılan Rahib İsgəndərov instrumental (fortepiano) ifaçılığı nominasiyasında qalib gələrək müsabiqənin (II yer) gümüş medalçısı oldu. Məktəbimizin VII sinfində təhsil alan Rahib ifa manerası ilə seçilən şagirdlərimdəndir. Əslində, bu müsabiqə Rahibin ilk beynəlxalq yarışı olsa da o, qələbə qazanaraq hamımızı çox sevindirdi».
   Tamilla xanımın bu müsabiqədən qalib qayıdan üçüncü şagirdi isə aşağı yaş qrupunda duet nominasiyasında ikinci yeri tutan Emil Əhmədzadədir. 12 yaşlı balaca Emil ilk dəfə qatıldığı bu yarışmanı həyəcanla gözlədiyini və həmyaşıdı, sinif yoldaşı Jalə ilə fortepianoda duet ifalarının hər ikisinə qələbə gətirməsini həyatının ən gözəl anı kimi dəyərləndirdi. Bu müsabiqənin onu daha da həvəsləndirdiyini və gələcək uğurlara səslədiyini deyən Emil fürsətdən istifadə edib onun uğurunda böyük zəhmət payı olan müəlliminə də təşəkkürünü bildirdi.
   
   Həmidə