Aləm-Mirzə avazlarında üzüyoxuşa, kəlam-mirzə yazılarında üzüenişə...
   
   Neyləməli, ay Mirzə dayı, “yazı”nın yazısı belə yazılıb bineyi-qədimdən; yönü üzüaşağıdır. Sizin sənət vahəniz “do”dan üzüyoxuşa, bizim peşə sahəmiz “si”dən üzüenişə...
   Amma nə qəm, büsbütün xoşovqat Dədəm! Yuxarıda böyük Yaradan, aşağıda - Onun yaratdıqları! Bu yaradılmışlar - milyardlar arasında mində bir, milyonda yüz yaradıcılar da var ki, onlardan biri Sən!..
   
   Hə, başlayaq. Düşək sənin “Səs kanı pilləkanı”nı qalxmağa. Amma onların sayı saysız olduğu üçün, tutalım, məchuli-yetmişdən məlumi-yeddiyə düşmək çıxılmazlığındayam. Bu “layihə” belə bir “ideya” da hədəfləyir ki, bu təsadüfi yazı “formativ”i əbədi avaz-not normativi ilə səsləşsin. Əgər belə də demək mümkünsə, yeddi not-saz və yeddi ad-söz...
   
   Getdik!
   
   Hə, “do”...
   Noolub, babam?! Hara belə? Nə tələsirsən, cavanları yora belə?! Yaşına demirəm, sağına-soluna, yarına-yoldaşına bax, ay yoldaş! Hava çox istidir axı, ay təbi bu təbii hərarətdən də qaynar baba! Tələsmə, dadaş, bir az asta, yavaş-yavaş...
   Hə, ümumovqat hay-harayımız, daim müasir, həmişəcavan - qos-qoca Mirzə dayımız! İndi mənə bu günəşli gün kimi aydın oldu ki, sən məclislərin birində qocalara “çıxdaş” kimi baxan bir şou-mou cavanına niyə belə bir atmaca atıbsan: “Qoca kötüklər üstündə çox cavan şivlər doğranıb, bala!”
   Yox, səninlə daha yaxşı ayaqlaşmaq üçün, yol yoldaşlığından ayrılıb, sənət daş-qaşlığına keçmək gərək...
   
   Bir an ayaq saxlayaq...
   
   İkinci pilləni bütün səsləri səsləndirməklə çıxaq: do-re-mi-fa...
   Paaa, isti nəfəsimi kəsdi ki, ay seçmə-çeşmə nəğmələrilə canlı sərinkeş payımız! Kələyimi kəsdi mənim bu bür-kü-nün kür-kü...
   Deyirəm, qoy qalan üç səsi də sənin Səsin səsləndirsin. Əlbəttə, texnikada. Səsləndirsin, bir “pəs” sərinlənim. Bir hovur anti-isti rahət edim. Nəfəsimi bacadan, nitqimi he-ca-dan qur-ta-rım. Birnəfəsə danışa, birqələmə yaza bilim...
   
   Hə, a-u-di-o!
   
   Hə, haydı, ən yeni texnika! Elə cavanlığından ahıllaşıb-qocamanlaşmış unikal-universal səsli bu sənətkarı pillə-pillə bir az da ucamanlaşdır. Əlbəttə, ən sərin mahnısından başla. Qo-ra-bi-şi-rən aydı, axı!
   Aha, “Liman”. Əla! Ohoo, nə gözəl meh gəldi! Bahoo, gözlərimdə qövsi-quzeh yarandı, duyğularıma şeh düşdü. Ora bax, küçədəki Xan çinarın bürküdən yarımcan yarpaqları da pırıl-pırıl titrəşdi. Sərincə bir yel də əsdi...
   Oyy, dəcəl nəvəm pultu qurdaladı - “Tək səbir”i yarımçıq kəsdi...
   Pultu bəri elə, ay incim. Pultu ver, öz ağagil-bəygül qınlarını bəyənməyib, “Maykl-Şeyk”l donlarına bələnən atan kimilərinin ədaniyyət səfsəfəsinə qoşulmamağınçün sənin hələ ting zövqünü elə bəri başdan təkrarsız milli mədəniyyət fəlsəfəmizə calayım. “Bəri başdan“ demişkən, hələ şirniklənib-çirklənməmiş başını bir az da ləzzətlə yırğala bu səsə, canım-ciyərim! Ay sağ ol! Bə nədi igidim, onlar ifaçılarına əl-ayaqları ilə reaksiya verirlər, biz beyin-başımızla. İndi şip-şiyin dilinlə mənə cavab vey. De göyüm, bu bədən üzvlərinin hansı daha ali, daha qanandır? Hə, səninləyəm, ay elə indidən qonşu qızcığazlara “saçlayına gül düzüüüm” deyə, ahıl sənətkarı yamsılayan cahıl xatakar!
   Ey pəncərəm ağzına qonan cütlük - cənab və cənabə kəpənəklər, siz hardan bildiniz ki, növbəti nəğmə “Kəpənək” olacaq? Hə, qoy bu aşiq səs allı-ballı sədalarıyla bizi yelpikləsin, ithaf personajı olan sizsə öz xallı qanadlarınızla bir-birinizi. Amma bu dəfə “Qaçdım sənin dalınca mən...” deyəndə tutduq verin ha, bir-birinizə. Nədən ki, hava çox istidi - çox yormayın özünüzü. Nə özünüzü incidin, nə də sağlığında çox yorduğunuz bu qocaman sənət kavalerinin ruhunu...
   Hə, nəfəsim bir az genəldi, çal-çağırı yaylağa tay Mirzə dayı! Sənin sərin hava-havacatların havayı deyil ki? Heç bu da zarafat deyil ki, neçə illərdi bir-birindən qaynar gələn bu yayların ən ütücü günlərində yadıma öncə Sən düşürsən.
   Həə, bu da -
   
   “Uzaq, yaşıl ada”
   
   Görəsən, şair bu kəlmələrin məna ilmələrini doğrudanmı belə toxuyub? Onun “Ayrılıq bir dənizdir” mübaliğəsini başa düşdük, bəs sən niyə növbəti poetik informasiyanı elə fantazik-muzik, elə dramatik-melodik təqdim edirsən ki, biz də belə sentimentalik işə düşürük? “Sən uzaq, yaşıl ada” adlandırdığın o gözəli öz ecazkar taktlar yelkəninlə o qədər uzaqlara, hicrin elə qərib-qürbət məsafələrinə aparırsan ki, bu qaynar istidə adamı sənət-cənnət üşütməsi tutur...
   Nəysə, Mirzə baba, sənin bu “yaşıl ada”nda dirçəlib, yüzbir mahnından otuz doqquzunun fonunda minbir “moda” işlətmək fikrindəydim, alınmır. Qırxıncı mahnın haqda isə lap sonda “son söz” əvəzi bir can-söz deyəcəm. İndiliksə, ay Mirzə dayı, ey başdan-başa məzə dayı, yaşca “köhnə”, başca, zövqcə təptəzə babam, növbəti pillədə sənin gənclik zəmanənin leksikonu ilə “Mirzə teatrosu”ndan bir düjün -
   
   Retro-fikirlər...
   
   Hə, bir pillə yuxarıda söylədim axı; hər il yayın qızmarında yadıma düşürsən və oturub yazmaya bilmirəm. O fikirlər, faktlar içərisində isə elə “retro”ları var ki, onları “pero”lamamaq olmur. Məsələn, necə təkrarlamayım ki, sən dünyaya ən isti ayda (iyul 1913) gəlib, ən soyuq ayda (yanvar 2003) gedibsən (Noolmuşdu, tabutun arxasınca gedən minlərlə pərəstişkarının kədər yanğılarını bir az soyutmaq üçün?). Sən doxsan il yaşayıb, bizimçün oxumaqdan doymadığın kimi, mən də doqquz ildir bu sənsizliyə dözəmməyib, istilərdə sənin sənət çətir-ətirinə sığınıb yazmaqdan bıqmıram. İrəliki yazılarımdan ilkinin başlığıyla isə lap “gül” vurmuşdum: “Nəğməli yaşam odasından, “uzaq, yaşıl ada”sından ayrı düşmüş Mirzə dayı, o dünyana salam olsun bu dünyandan!” O uzun başlığı belə bir füzun yarımbaşlıqla da müdafiə etmişdim: “Mahnılarının sayından, Allahın verdiyi yaş payından, şax şəxsiyyət, şux sənət, qaynar həyat eşqindən ki uzun ha deyil bu başlıq, ay Mirzə baba!..”
   Sənin doxsan illik bioloji, yetmiş illik sənət ömrün, indilər efir-ekranlar hesabına beş-on il yaşayan müğənnilərin ömürlərindən çox qısadır. Bu - yağışdan sonra çıxan “şlyapatimsallılar” qızmar yaylara sərinlik gətirə bilmirlər. Elə bil bunların əksəriyyətinin göbəyi səs-küyi-“şum”da kəsilib, boğaz ətləri dara-barayi-xırmanda yabalanıb...
   Görəsən, sənin doğulduğun ilin yayında necəymiş Bakıda havalar, Mirzə bakılı? Qoçu Əsgərli, Məşdibadlı Bakıda. Sən öz ecazkar səsinlə o ağsaqqal aşiqin kinoportretinə necə polifonik cizgilər əlavə edibsən, ustad! O çağların min, bu vaxtların daha çox cavanına, sortbasort “inteqreyşn-yevropeyşn” cayıllarına dəyən İbad kişini öz fenomenal vokalınla daha da zavallılaşdırmısan. Bax bu an mənim xəyalım onun öz qoçu dəstəsilə Rüstəm bəyin üstünə hücum səhnəsinin iştirakçısıdır. O səhnənin baş qəhrəmanlarından biri də sənin Səsindir, Mirzə qədeş! Sənin sədan o səhnədə necə qoqazlanıb-avazlanır! “Allaha and olsuun, budur de-yi-rəm! Qızı mənə, qızı mənə gərək verə-sən! Ver-məsən hər-gah!..”
   Məzən olsun, ay Mirzə kişi! Deyirlər, bəstəkarlar məhz sənə ifa etdirmək istədikləri mahnıların “hə”sini alınca “do”dan “lya”ya səslər çıxarırmışlar. Alnına qalxmış pırpız qaşların enincəyədək əl-amanda qalırmışlar ki, kənək qoz, hənək qız yiyəsi timsalında bərkə saldığın o “hə”ni verəcəksən, ya yox. Əlbət, əvət, düz edirmişsən; axı sən bununla milyonların “hə”-“həri”sini, “bravo”-“şedevro!”sunu almalıydın!
   
   Pilleyi-axşamlamaq...
   
   Səninlə bağlı düşüncələrimin birindən sürüşüb o birinə düşə-düşə axşamı düşürdüm. Bu an sənin “Bir axşam”ın lap yerinə düşdü. Mahnıları məna sanbalına görə seçib-sonalamağın bir yana, sözləri necə aydın, necə duru tələffüz etməyin özgə bir aləm! Avazın misraların aşiqlərilə məşuqlarını bir-biriylə necə qovuşdurub-tutuşdurur, “əğyar”larını necə tutaşdırır?! Hicranları sız-sız sızıldadır, göz-gözə vüsalları köz-köz qovuşdurur, aa! “Taylı tayını tapar” qafiyələr sənin səsinin bir gülündən uçub o birinə qonur, haa!..
   Amma bütün bunlara - Allahın günəşsiz “şərr” axşamına, sən bəndənin “Bir axşam”ına və neçə gündü bu yazı ladında vurnuxan bəndənizin sənə vurğunluq ehtişamına baxmayaraq, hava hələ də istidir. Yaman istidir, aman baba! Amma səninlə bağlı bir xatirə bu bürkünün də hovunu alır. Bir vaxtlar ADU (BDU) tələbələrilə görüşündən qalmış xatirə. Böyük hind sənətçisi Rac Kapurun “Avara” filmindəki eyniadlı mahnısını “cılxa azərbaycanca” ifa etməyinin “cılxa bolşevik” tərbiyəsilə silahlanmış ədəbi və musiqi ictimaiyyəti tərəfindən necə süngüləndiyindən baməzə-balməzə gap edib, o ki var güldürdün bizi.
   Hələ Kərbəla əhvalatı! 1956-cı ildə - ateizm qılıncının dalı-qabağı kəsən dəmlərdə - o dövrün ən xoflu ifadələrindən biri olan “sovet nümayəndə heyəti” tərkibində qırmızı Moskvadan edilən o “qara səfər”də - sən, Rəşid Behbudov və Çingiz Sadıqov “həm ziyarət, həm ticarət” məsəlinin yalnız birinci tərəfini tutursunuz. Müqəddəs ziyarətgaha buraxılmağınız “kəlimeyi-şəhadət”i bilməyiniz hesabına baş tutur. Rus sənətçilərindən birinin “çto takoe kalmei-şaxadat?” sualına isə əsl Mirzə-məzə kodu tapırsan: “Məncə, bu, Lenin yoldaşın “seçilmiş əsərlər”ində izah olunub”...
   ...Sən bu diskdə axırıncıdan əvvəlki mahnını oxuyursan: “Daha nə istəyirsən”. Mən isə bundan sonuncu pilləni kontekstləyirəm:
   
   Daha nə istəyirəm?
   
   Yəni, sən öz dünyanı dəyişdiyin gündən mən hər ilin yayında əlimə qələm alıb səndən yazıram və hər dəfə bu mahnını eşidəndə, hər dəfə elə bilirəm, bu xitabın bir qırağı da mənə aiddir. Doğrudan da, ötən səkkiz yazımda sənin haqqında nə bilib-bacarıram, sənətini nə qədər sevirəm - hamısını demişəm. Bəs, yaxşı, daha nə istəyirəm?!.
   Yox, estrada “ədəbiyyat”ımızın yek Mirzəsi, Azərbaycanda səhnə sərbəstliyinin, ifa ayın-şayınlığının tək banisi, yox. Məsələ burasındadır ki, hər il amansız istilər düşəndə, bədən bürküdən bişəndə, qələm daşa ilişəndə mütləq yığışıb sənin “ovqat kurortu”na pənah gətirməliyəm - pul-pənəsiz turistliyə oylaq baba!..
   Və bu da sonuncu mahnın: “Kimlər gəldi, kimlər getdi”. Əlbəttə, “bu dünyadan, bu dünyadan”. Doxsan doqquz il əvvəl bir qızmar yay günü bir evə inqə-lad bəbə kimi gəldin, doqquz il öncə bütöv bir ölkə-evdən ustad baba olaraq getdin. Yüz illiyinə də ki, daha nə qalıb? Sənlik bir il, mənlik daha bir yazı.
   Vəssalam, Mirzə zirvə. Artıq gecdir. Danışdıq, ahlaşıb-uflaşıb, bəh-bəhləşib, ruhlaşıb-qutlaşıb yüngülləşdik. Bundan öncəki səkkiz sərin yazı-gecəmi çıxmaq şərtilə, bütün əvvəlki gecələrdən səpsərin bir gecə keçirdik - 16 iyul 2012 tarixinin 23.00 saatında...
   Qoy bir çıxım, görüm, bayırda necədir hava?..
   
   Tahir Abbaslı