Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən festival iyulun 24-dən avqustun 5-dək davam edəcək
Son illər Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəniyyət layihələri mədəni irsimizin, milli incəsənətimizin inkişafına böyük töhfələr verməkdədir.
Bu layihələr milli mədəniyyətimizin, o cümlədən musiqi sənətimizin dünyada təbliğində müstəsna rol oynayır, mədəniyyətlərin qarşılıqlı təmasına, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tanınmasına mühüm zəmin yaradır.
UNESCO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunan "Muğam aləmi" beynəlxalq festivalları böyük maraqla qarşılanaraq, sənət aləmində geniş əks-səda doğurmuşdur. Bu ilin mayında Bakıda gerçəkləşən "Eurovision-2012" mahnı müsabiqəsi beynəlxalq miqyasda ilin ən möhtəşəm mədəniyyət hadisələrindən biri kimi qiymətləndirilərək, ölkəmizin dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrildiyini növbəti dəfə təsdiqlədi.
Heydər Əliyev Fondunun musiqi sənəti sahəsində daha bir möhtəşəm beynəlxalq layihəsi 2009-cu ildən ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalıdır. Dünyanın bir çox nüfuzlu sənətkarlarının, tanınmış musiqi kollektivlərinin iştirak etdiyi festival Azərbaycan və dünya musiqisi incilərinin səsləndiyi, musiqi görüşlərinin, müxtəlif tədbirlərin keçirildiyi əsl sənət bayramıdır.
İyulun 24-də Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə IV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlanacaq. Qəbələ şəhərində 24 iyul - 5 avqust tarixlərində keçiriləcək musiqi bayramında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivala Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa və Polşadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Böyük Britaniyanın Kral Filarmonik Orkestri (Royal Philharmonic Orchestra), Yuri Başmet və "Moskva solistləri" kamera orkestri, "Tartini" kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və başqalarının iştirakı gözlənilir.
Festivalda ölkəmizdən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının kamera orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Murad Hüseynov, Yeganə Axundova, Əvəz Abdullayev, Mənsum İbrahimov, Şükür Səmədov, əməkdar incəsənət xadimləri Fəxrəddin Kərimov, Azad Əliyev, Yalçın Adıgözəlov, əməkdar müəllim Tofiq Aslanov, əməkdar artistlər Gülnaz İsmayılova, Elçin Həşimov, Elnur Əhmədov, Sahib Paşazadə, Gülşən Ənnağıyeva, beynəlxalq müsabiqə laureatları Əyyub Quliyev, Fuad İbrahimov, Yusif Eyvazov, Adil Axundov, Azər Rzazadə, Fəridə Məmmədova, Səbinə Əsədova, istedadlı gənc solistlər muğam ifaçıları və başqaları çıxış edəcəklər.
Festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Qəbələ musiqi bayramına hazırdır
Qəbələ şəhəri Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə keçiriləcək beynəlxalq musiqi festivalını tam hazırlıqla qarşılayacaq. Rayon mədəniyyət və turizm şöbəsindən bildiriblər ki, festival günlərində Qəbələyə çoxsaylı yerli və xarici qonaqların gələcəyi nəzərə alınaraq geniş hazırlıq işləri görülür, küçələrdə, park və bağlarda abadlıq işləri həyata keçirilir. Şəhərin küçələrində, İsmayıllı-Qəbələ-Şəki avtomobil yolunun kənarında, müxtəlif hotel və istirahət mərkəzlərində tədbirlə bağlı plakatlar diqqəti cəlb edir. Festivalın keçiriləcəyi beşulduzlu “Qafqaz Resort” və “Qafqaz Riverside” hotellərində də hazırlıq işləri davam etdirilir.