İstedadlı gənc skripkaçı, Prezident təqaüdçüsü Elvin Xoca Qəniyev sentyabrın 3-dən 16-dək İsveçrənin Montrö və Veve şəhərlərində keçiriləcək P.İ.Çaykovski adına gənc musiqiçilərin beynəlxalq müsabiqəsinə hazırlaşır. Bununla əlaqədar ifaçı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyul-avqust aylarında Almaniyanın Qettingen, Fransanın Verbier, Avstriyanın Zaltsburq və İsveçrənin İnterlaken şəhərlərində tanınmış skripkaçı, professor Zahar Bron tərəfindən keçiriləcək kurslarda iştirak edəcək.
   14 yaşlı skripkaçı indiyədək onlarla beynəlxalq festival və müsabiqədə, Azərbaycanda və xarici ölkələrdə keçirilən yüksək səviyyəli tədbirlərdə uğurla çıxış edib. O, bir çox nüfuzlu beynəlxalq müsabiqənin, o cümlədən K.Lipinski və Q.Venyavski adına gənc skripkaçıların XI Beynəlxalq müsabiqəsinin (Polşa), "Klassik irs" (Rusiya) və "Madrid gecələri" (İspaniya) adlı beynəlxalq müsabiqələrin laureatıdır. 2010-cu ildə İtaliyada keçirilmiş gənc musiqiçilərin beynəlxalq müsabiqəsində qələbəsindən sonra Elvin Xoca Qəniyev Roma Papası tərəfindən ordenlə təltif olunub.
   Gənc istedad hazırda İsveçrənin Sürix İncəsənət Universitetinin musiqi şöbəsində təhsil alır. 2008-ci ildə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Elvin Xoca Qəniyevin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Prezidentin xüsusi təqaüdünə layiq görülüb.