Qəbələdə ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festivalı Azərbaycanın mədəni həyatının ayrılmaz bir hissəsinə çevrilib. Bu sözləri IV Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbirlərdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində deyib.
   
   Nazir bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən və onun yaxından köməkliyi ilə ildən-ilə daha möhtəşəm keçirilən bu musiqi festivalı musiqimizin inkişafına, beynəlxalq aləmdə tanıdılmasına verilən bir töhfədir: “Dünya şöhrətli bəstəkarların əsərlərinin korifeylər tərəfindən ölkəmizdə səsləndirilməsi bizi çox sevindirir. Bizi həm də o sevindirir ki, yerli və xarici qonaqların iştirak etdikləri bu musiqi bayramı çərçivəsində Azərbaycanın üç dahi incəsənət xadiminin yubileyləri keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə bu insanların hər birinin xatirəsinə həsr edilmiş möhtəşəm tədbirlər təşkil olunur. Bu beynəlxalq musiqi festivalı çərçivəsində onların xatirəsinin yad edilməsi isə özünəməxsusluğu ilə seçilir”.
   Ə.Qarayev vurğulayıb ki, festival çərçivəsində Müslüm Maqomayev, Niyazi və Fikrət Əmirovun yubileyinə həsr olunan konsertlər bu dahi musiqiçilərin xatirəsinə ehtiramın əlamətidir.