İncəsənət bayramından zəngin təəssüratlar
   
   Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə keçirilən IV Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı konsert proqramları ilə davam edir. Xəbər verdiyimiz kimi, iyulun 24-də festivalın ilk konserti görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) 70 illik yubileyinə həsr olunub. Tədbirin iştirakçıları arasında böyük musiqiçinin həyat yoldaşı, tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Tamara Sinyavskaya da olub. O, ilk dəfə iştirakçısı olduğu Qəbələ festivalından aldığı zəngin təəssüratı jurnalistlərlə bölüşüb.   


   “Heç zaman düşünməzdim ki, Azərbaycanda belə gözəl guşə var”
   
   “Artıq dörd ildir ki, dünya şöhrətli musiqiçi Müslüm Maqomayev dünyasını dəyişib. Onun xatirəsinə həsr olunan bu cür tədbirlər mənə yeni həyat verir. Hər birinizə, ən başlıcası Müslümün xatirəsini hər zaman uca tutan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya təşəkkür edirəm”, - deyə Tamara Sinyavskaya bildirib.
   O, Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsertin belə gözəl məkanda gerçəkləşməsini yüksək qiymətləndirib: “İlk dəfədir ki, Qəbələdəyəm və bu yer olduqca xoşuma gəldi. Heç zaman düşünməzdim ki, Azərbaycanda Qəbələ kimi gözəl guşə vardır. Müslüm özü bu yubiley konsertini görsəydi, əminəm ki, bu tədbirdən razı qalardı. Konsert yüksək səviyyədə təşkil edilmişdir. Bütün ifaçılar əsərlərini ürəkdən və sevərək təqdim edirlər”.
   T.Sinyavskaya həyatında ilk dəfə 1972-ci ildə Azərbaycana ayaq basdığını xatırladaraq xalqımıza böyük sevgi duyğularını çatdırıb: “Xoşbəxt yaşayın və bir-birinizi sevin. Mən sizləri sevirəm. Hər birinizə dərin hörmətimi və təşəkkürümü bildirirəm”.   


   “Festivalın builki proqramı çox zəngindir”
 
  
   “Builki festivalın proqramı çox zəngindir, gündə iki dəfə rəngarəng konsertlər olacaq və fərqli musiqi əsərləri səsləndiriləcək. IV Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaq”. Bu sözləri festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib. O, konsertlərdə Rusiya, Böyük Britaniya, Polşa, Sloveniya, Fransa, ABŞ, İtaliya və İsveçrənin müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarlar və məşhur kollektivlərin iştirak edəcəyini bildirib.
   Xalq artisti festivalda simfonik və kamera konsertlərinin, muğam gecəsinin musiqisevərlərə dünya musiqisinin zənginliyini əsrarəngiz təbiətlə harmoniyada duymağa imkan verəcəyini vurğulayıb. Artıq dördüncü ildir ki, Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələnin ənənəvi beynəlxalq musiqi festivalına ev sahibliyi etdiyini qeyd edən F.Bədəlbəyli bildirib ki, təbiətin bu qədim diyara bəxş etdiyi gözəllik və əzəmət, burada səslənən musiqinin parlaq bədii təsiri təqdim olunan ifaların mükəmməlliyi ilə qovuşaraq nadir, unudulmaz bir aura yaradır.    


   Qəbələ festivalı Azərbaycan mədəniyyətini dünyaya tanıdır
   
   “Festival yüksək səviyyədə təşkil edilib. Musiqisevərlər 13 gün davam edəcək tədbirdə bir çox dünya şöhrətli musiqi kollektivlərinin maraqlı konsert proqramından həzz almaq imkanı əldə ediblər”. Bu sözləri IV Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski deyib.
   Məşhur dirijor vurğulayıb ki, Qəbələ festivalı xarici qonaqlara Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, çoxsaylı yerli musiqisevərləri dünya bəstəkarlarının klassik əsərləri və məşhur musiqiçilərlə yaxından tanış edir.
   Konsertlər “Qafqaz Resorte” otelinin kamera musiqisi zalında və açıq səma altında keçirilir. Musiqi axşamlarında V.Motsart, M.Ravel, C.Puççini, F.Şopen, E.Qriq, Y.Brams, C.Verdi, J.Bize, V.Bellini, L.Delib, N.Rimski-Korsakov, Q.Qarayev, F.Əmirov, A.Məlikov və digər bəstəkarların ölməz əsərləri səsləndirilir. Heydər Əliyev Fondu tərəfindən festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirən Dmitri Yablonski avqustun 5-dək davam edəcək bu incəsənət bayramında dünya şöhrətli musiqiçilərin çıxışlarının xoş anlar bəxş edəcəyini bildirib.