Türkiyənin paytaxtı Ankaranın Keçiörən rayonunda davam edən ənənəvi beynəlxalq Ramazan festivalı çərçivəsində Azərbaycan gecəsi keçirilib.
   Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun, Keçiörən bələdiyyəsinin sədri Mustafa Akın, Sumqayıt bələdiyyəsinin nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edənlər iki qardaş ölkə arasında əlaqələrdən bəhs ediblər. Bildirilib ki, müqəddəs Ramazan ayı Azərbaycan və Türkiyə xalqları üçün olduqca əzizdir. Bu ayda birgə olmaq və həmrəylik nümayiş etdirmək çox əhəmiyyətlidir.
   Geniş meydanda Azərbaycan və Türkiyənin incəsənət ustalarının konserti təqdim olunub. Keçiörən Bələdiyyəsi Konservatoriyasının folklor qrupu Azərbaycan rəqslərini, ölkəmizdən gəlmiş muğam ustaları isə milli muğam nümunələrimizi ifa ediblər.
   Sonra diplomatlarımız və Keçiörən rəsmiləri festival çərçivəsində təşkil edilən “Azərbaycan evi” ilə tanış olublar. Burada milli xalçalarımız, rəssamlarımızın əsərləri, ölkəmizin uğurlarını əks etdirən eksponatlar nümayiş etdirilib.