Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istedadlı skripkaçı, Prezident təqaüdçüsü Kamran Ömərli 2012-2013-cü tədris ilində İspaniyanın Madrid şəhərində yerləşən Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alacaq. Kamran Ömərli respublika müsabiqələri laureatı, H.Venyavski adına XIV Beynəlxalq Skripkaçılar Müsabiqəsinin (Polşa, 2011) diplomantıdır. Gənc skripkaçı dəfələrlə Azərbaycan Dövlət Simfonik və Kamera orkestrlərinin müşayiəti ilə çıxış edib.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Litvanın Kaunas şəhərində gənc musiqiçilərin XIX Beynəlxalq festivalında (2010) və Polşanın Qdansk şəhərində Beynəlxalq Musiqi Akademiyasında tanınmış skripkaçı Maksim Vengerovun ustad dərslərində (2011) iştirak edib. 2010-cu ildə ölkə başçısının sərəncamı ilə Kamran Ömərlinin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Prezidentin fərdi təqaüdünə layiq görülüb.