Festival bir çox yenilikləri ilə yadda qalacaq
   
   İyulun 24-dən Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə keçirilən IV Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşmaq üzrədir. Avqustun 5-də sona çatacaq musiqi bayramında dünyanın tanınmış kollektivləri, solistlər, dirijorlar, vokalçılar konsert proqramları ilə çıxış edir.
   
   Xəbər verdiyimiz kimi, iyulun 29-31-də London Royal Filarmonik Orkestri festivalda üç konsert təqdim edib. “Qafqaz Resorte” hotelinin qarşısındakı açıq səhnədə gerçəkləşən üçüncü konsertdə London Royal Filarmonik Orkestrinin solistlərini violində Litva Kamera Orkestrinin musiqi direktoru Sergey Krilov müşayiət edib. Konserti Tenerife Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Mixal Nesteroviç idarə edib. Tanınmış musiqiçilər tamaşaçılara XIX əsrin dahi rus bəstəkarı Pyotr Çaykovskinin violin və simfonik orkestr üçün əsərlərini təqdim ediblər.
   Avqustun 1-də musiqisevərlər Rusiyanın məşhur “Moskva solistləri” kamera orkestrinin konsertini izləyiblər. Kollektivin yaradıcısı, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Qremmi” mükafatının laureatı Yuri Başmetin rəhbərliyi ilə keçirilən konsertdə E.Qriqin “Holberq zamanları” süitası, İ.Starvinski və F.Şubertin viola və simli alətlər üçün əsərləri, P.Çaykovskinin “Serenada”sı səsləndirilib. Yüksək peşəkarlıqla təqdim olunan musiqi əsərləri tamaşaçıların zövqünü oxşayıb və musiqiçilər ayaq üstə alqışlanıblar.
   Həmin gün festival çərçivəsində “Qafqaz Resorte” hotelində fortepiano musiqisi axşamı olub. Konsertdə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspirantı, Qəbələ II Beynəlxalq Piano Müsabiqəsinin qalibi, M.Rostropoviç və D.Şostakoviç adına musiqi fondlarının təqaüdçüsü, rusiyalı pianoçu Andrey Yaroşinski dahi bəstəkarlar İ.S.Bax, İ.Albenis, Y.Haydn, R.Şuman və S.Raxmaninovun əsərlərini ifa edib. Böyük müvəffəqiyyətlə keçən konsert alqışlarla qarşılanıb.
   Qeyd edək ki, festivalın son üç günündə (3-5 avqust) musiqisevərlər London Royal Filarmonik Orkestrinin təqdimatında konsert proqramlarını dinləyəcəklər.
   
   Növbəti festival daha möhtəşəm keçiriləcək
   
   Avqustun 2-də festivalın gedişi ilə bağlı “Beltmann” piano fabrikində yerli və xarici ölkə jurnalistləri üçün mətbuat konfransı keçirilib. Tədbirdə builki festivalın proqramındakı yeniliklər, gələn il bu mötəbər musiqi bayramının 5 illiyi münasibətilə nəzərdə tutulan tədbirlər haqqında məlumat verilib. Dünya musiqi ictimaiyyətinin diqqətlə izlədiyi bu möhtəşəm mədəniyyət tədbirinə ildən-ilə marağın artdığı və IV Qəbələ Beynəlxalq Musiqi Festivalının bir çox yeniliklərilə yadda qalacağı qeyd edilib.
   Bu il festivalda iştirak edən dünya şöhrətli solistlərin, dirijor, bəstəkar və vokalçıların, eləcə də kamera və simfonik orkestrlərin, bədii kollektivlərin sayının çox olduğu vurğulanıb. Festival çərçivəsində həm də gənc xanəndələrin iştirakı ilə muğam axşamı keçirilib, görkəmli xanəndə, Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə Fikrət Əmirovun “Şur” simfonik muğamı ilk dəfə Azərbaycan Dövlət Simfonik Orkestrinin, tar və kaman ustalarının birgə ifasında tamaşaçılara təqdim edilib. Bundan əlavə, Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan SSRİ xalq artistləri, dünya şöhrətli musiqiçilər Müslüm Maqomayevin 70, Fikrət Əmirovun 90, Niyazinin 100 illik yubileyləri münasibətilə konsertlər təşkil olunub.
   Gələn il bu musiqi bayramının 5 illik yubiley tədbirinin daha möhtəşəm keçiriləcəyi qeyd edilib. 2013-cü ildə Qəbələ festivalında Pianoçuların III Beynəlxalq Müsabiqəsinin keçirilməsi, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100, məşhur İtaliya bəstəkarı Cüzeppe Verdinin 200 illik yubileyləri ilə bağlı konsertlərin təşkil edilməsi, dünya şöhrətli musiqiçilərin festivala dəvəti planlaşdırılır.
   Mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, festivalın bədii rəhbərləri Fərhad Bədəlbəyli və Dmitri Yablonski, Rusiyanın Xalq artisti, xüsusi olaraq IV Qəbələ Beynəlxalq Musiqi Festivalı üçün “Xocalı” matəm musiqisini hazırlamış bəstəkar Aleksandr Çaykovski, “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Yuri Başmet, pianoçu Boris Berezovski jurnalistlərin suallarını cavablandırıblar.
   
   Rusiyalı bəstəkarın “Xocalı” matəm musiqisi
   
   Moskva Dövlət Filarmoniyasının bədii rəhbəri, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kafedra müdiri Aleksandr Çaykovski Heydər Əliyev Fondunun dəstəyi və yaxın dostu Dmitri Yablonskinin təklifi ilə bu festival üçün “Xocalı” matəm musiqisini yazdığını bildirib. O, əsəri yazarkən Xocalı faciəsi ilə bağlı məlumat topladığını, müxtəlif videokadrlara baxdığını, Azərbaycanın musiqi nümunələrindən bəhrələndiyini deyib.
   Bəstəkar piano, viola, tar, violonçel və kamera orkestri üçün bu əsəri yazmaqla bir çox ölkələrdə müharibənin dəhşətlərini yaşayan bütün insanlara musiqiçilərin də dəstək olduğunu bildirib: “Ümid edirəm ki, bu musiqinin dinləyiciləri müharibənin ağrı-acısını yaşayan insanların vəziyyətini başa düşəcək”.
   Qeyd edək ki, Aleksandr Çaykovskinin “Xocalı” matəm musiqisi dünən (2 avqust) festivalda təqdim olunub.