Balaca Nazxanım 3 yaşında ailəsi ilə birlikdə Moskvaya köçəndə Bakının dəli küləyini, cırhacır istisini, Xəzərin şıltaq dalğalarının pıçıltılarını da öz yumruğu boyda olan ürəyində aparmışdı. Bəlkə də soyuq şəhərdə bu kiçik qızcığazı musiqiyə, sənətə meylli edən də cənub şəhərindən qəlbində gətirdiyi istilik olmuşdu.
   
   Nazxanım Firudin qızı Dadaşova 1996-cı ildə Bakı şəhərində doğulub. 6 yaşında Moskvada Stravinski adına Uşaq incəsənət məktəbinin fortepiano sinfinə daxil olub. Təhsilinin ilk illərindən istedadı və bacarığı ilə digərlərindən seçilir. Müsabiqə və festivallarda hələ ilk addımlarını atmasına baxmayaraq, böyük müvəffəqiyyətlər qazanır. Bu günə kimi Y.Fliera adına beynəlxalq müsabiqə-festival, “Ustadlığın pillələri” gənc pianoçuların IX Moskva müsabiqəsi, L.Vlasenko adına pianoçuların X açıq yubiley müsabiqəsi, “Canlı Musiqi” beynəlxalq musiqi festivallarının laureatı olan Nazxanımın uğurları, müəllimləri ilə yanaşı, Rusiyadakı səfirliyimizin də diqqət mərkəzindədir.
   Səkkiz yaşında çox böyük çətinliklə valideynlərini razı salıb skripka ilə də məşğul olmağa başlayır. Bunun üçün yaşının gecikməsinə baxmayaraq, bacarıqla alətin sirlərinə yiyələnərək Nazxanım P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdindəki uşaq musiqi məktəbinə qəbul olunur. 2009-cu ildə arzularının ardınca gedən Nazxanım Moskva Dövlət Konservatoriyasının mərkəzi musiqi məktəbinin 6-cı sinfinə daxil olur. 2010-cu ildə isə Nazxanımın uğurlarının sədası artıq doğma Bakıya da gəlib çatmışdı. Həmin il dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Nazxanım Dadaşovanın adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınır və o, Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülür. Həmin il Bakıda keçirilən Q.Qarayev adına pianoçuların beynəlxalq müsabiqəsində I yerə imza atır. 2012-ci ildə isə Parisdə keçirilən N.Rubinşteyn adına pianoçuların XI beynəlxalq müsabiqəsinin qalibi olur.
   Nazxanım respublikamızda keçirilən konsert və tədbirlərdə də mütəmadi olaraq iştirak edir. Ulu öndər Heydər Əliyevin anım günlərində təşkil edilən konsert proqramlarında, dahi musiqiçilərimiz Ü.Hacıbəyli və Niyazinin yubiley gecələri ilə yanaşı, həmçinin xarici ölkələrdə təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri və digər konsertlərdə onun ifası musiqi ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. 2011-ci ildə Niyazinin ev-muzeyində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin təşkil etdiyi musiqi gecəsində Nazxanım maestronun “Şur rəngi” və “Prelüdiya”sını məharətlə ifa etmişdi. Gənc pianoçunun barmaqlarının yaratdığı əsrarəngiz sehr konsertə təşrif buyuranların ürəyinə bulaq kimi axaraq bu günə qədər yaddaşlarda qalmışdır.
   Bundan əlavə, gənc istedadımızın bəstəkarlıq qabiliyyəti də diqqətdən kənarda qalmamışdır. Onun maestro Niyaziyə, vətəni Azərbaycana həsr etdiyi şeirləri isə mütəmadi olaraq tədbirlərdə səslənir. Hazırda 8-ci sinifdə təhsilini davam etdirən Nazxanım bu günlərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən IV Qəbələ Beynəlxalq Musiqi Festivalının da qonağı olub. O, festival çərçivəsində iyulun 27-də “Qafqaz Resorte” hotelinin kamera zalında keçirilən “Yeni adlar: Debüt” kamera musiqisi axşamında Q.Qarayevin və dünya bəstəkarlarının klassik əsərlərini böyük müvəffəqiyyətlə ifa edib.
   Nazxanım Qəbələ festivalı barədə təəssüratını və yaradıcılıq uğurları haqqında fikirlərini bizimlə bölüşdü: “Ən böyük arzum Qəbələ musiqi festivalında iştirak etmək idi. Bu il arzum yerinə yetdi. Festivalın təşkili və ab-havası çox gözəl təsir bağışladı. Festivalın iştirakçıları arasında sənət haqqında fikir mübadiləsi, ünsiyyət də səmimi və xoşdur. Bu günə kimi təhsilimdə və iştirak etdiyim müsabiqələrdə Heydər Əliyev Fondunun köməyini həmişə hiss etmişəm. Fondun Moskvadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva hər zaman bizə dəstək olur. Bundan əlavə, Ümumrusiya Azərbaycan Konqresi və Rusiyadakı səfirliyimiz də mütəmadi olaraq yaradıcılığımla maraqlanır və lazımi köməkliyi əsirgəmirlər. Öz yaşıdlarıma demək istərdim ki, bu sahədə irəli getmək üçün əməksevərlik, arzu və istəyin olması vacibdir. İstək və məqsəd oldusa, insan öz arzusuna çata bilir. İnanıram ki, bundan sonra da vətənimin adını hər zaman uca tutub onun musiqisini, sənətini dünya arenasında layiqincə təmsil edəcəyəm”.
   
   L.Azəri