İllər keçəcəkdi, xalça toxuyan qız müğənni olub opera səhnəsində şah əsərlərini - Leylini, Əslini, Ərəbzəngini və neçə-neçə təkrarsız obrazları yaradacaqdı
   
   Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində bənzərsiz rollar yaradan, xalq mahnılarımızın, muğamlarımızın nadir ifaçılarından biri, Xalq artisti Qəndab Quliyeva yaşadığı ömrün şirin xatirələrini bizimlə bölüşdü.
   
   Onda hələ bapbalaca qız idi. İçindəki sehrli səs təkid edirdi ki, oxusun, oxuyub ətrafındakıları da səsinin sehrinə salsın. Amma bu, o qədər də asan deyildi...
   Axı Qarabağda hamı oxuyurdu. Valideynləri qızlarının musiqiyə olan marağını ötəri həvəs sayırdılar. Bircə özü bilirdi ki, sussa, oxumasa ölər, vallah ölər, ürəyi dayanar... Odur ki, xəlvətə düşəndə oxuyurdu, ürəkdən oxuyurdu və belə anlarda xoşbəxt olurdu...
   O da xoşbəxt olmaq istəyirdi. Amma həyat sınaqlardan, çətinliklərdən keçirmədiyi adamları xoşbəxt etməyə tələsmir. Doğrudur, istisnalar həmişə var.
   Orta məktəbi bitirən il Füzuli rayonunda toxuculuq kombinatı açıldı. Neyləmək olar, o səs toxumaq arzusunda ikən xalça toxuyası olur. Bu sənətin sirlərinə bələd olmaq üçün qızlara qoşulub şəhərə yollanır. Eynən filmlərdə olduğu kimi, yataqxanada yaşayır, oxuyur, işləyir...
   İllər keçəcəkdi, o müğənni olub opera teatrının səhnəsində şah əsərlərini - Leylini, Əslini, Ərəbzəngini və neçə-neçə təkrarsız obrazları səslə ilmə-ilmə hörüb yaradacaqdı. O günləri isə heç unutmayacaqdı...
   O zaman isə kənddən gəlmiş, adi, sadə heç kəsin diqqətini çəkməyən bir qız idi...
   Hərdən taleyi ilə barışmaq istəməyib oxuyurdu. Elə oxuyurdu ki, səsi dağı-daşı yandırırdı.
   
   ...Yerin də qulağı var...

   
   Günlərin birində qapını bağlayıb yenə də məlahətli, yanıqlı səslə oxuyanda komendant qapını döyüb səsin haradan gəldiyini xəbər alır. Qızlar nə qədər gizlətməyə çalışsalar da, sirrin üstü açılır. Söhbət 1973-cü ildən gedir...
   ...Yerin də qulağı var, bu xəbər tezliklə yayılır. Çalışdıqları toxuculuq kombinatının direktoru gənc qızın istedadından xəbər tutan kimi onu Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə oxumağa göndərir.
   Həyəcanlı, gərgin anlar arxada qalır. Böyük sənətkarların qarşısında imtahan verib “əla” qiymətlər alır. Arzularının dalınca qaçan qızın həyatında yeni, onun üçün olduqca maraqlı mərhələ başlayır. Muğamların sirlərinə bələd olduqca, xalq mahnılarının sirrini anladıqca bu sənətə bağlanır.
   Bulaq kimi çağlayan məlahətli, yapışıqlı səsi onu elə hey böyük səhnəyə səsləyir. O zaman opera səhnəsində Leylini oynamaq onun ən böyük, əlçatmaz arzularından biri idi... Özünü səhnədə Leyli rolunda görürdü. O, əslində Leylinin özü idi...
   
   “Əsl Leylini tapmışam”
   
   Qəndab xanımın qıyqacı baxışları harasa dikilir, kirpikləri titrəyir, üzünə sirli təbəssüm qonur: “Asəf Zeynallını bitirəndən sonra qəlbimdə böyük bir istək baş qaldırdı. Bu sənətə gəlmək üçün böyük çətinliklər çəkmişdim, evdəkilər bir müddət mənimlə küsülü qalmışdılar. Ona görə də özümü bu sənətdə doğrultmalı idim. Opera və Balet Teatrının direktoru Azər Rzayevin yanına gedib dedim ki, Leylini oynamaq istəyirəm. Heç nə demədi, telefonu götürüb Bəhram Mansurova zəng etdi ki, yanına bir qız göndərirəm, səsinə bax, gör bundan Leyli olar, yoxsa olmaz?
   Zəngi basanda qapını Bəhram müəllim özü açıb məni içəri dəvət etdi. Allah ona da, xanımına da qəni-qəni rəhmət eləsin, məni mehribançılıqla qarşıladılar. And olsun o bir olan Allaha, elə əsirdim, elə əsirdim, gəl görəsən! Ürəyimdə deyirdim ki, görən, səsimi bəyənəcək, yoxsa bəyənməyəcək, çox həyəcan keçirirdim. “Mahur”u oxudum, səsimə qulaq asdı. Azər müəllimə zəng edib dedi ki, əsl Leylini tapmışam. Qara, arıq, uzun saçlı, əsl ərəb qızıdır”.
   Beləliklə, 1980-ci ildən Bəhram Mansurov onu Leyli roluna hazırlaşdırır və Qəndab xanım arzusunda olduğu Leylini müvəffəqiyyətlə oynayır.
   “Gənc olanda o qədər məsuliyyət hiss etmirsən. 10 il səhnədə Leylini oynayandan sonra özünü Leyli kimi görürsən, bu rolu tam mənimsəyirsən və elə bilirsən ki, öz həyatını oynayırsan”.
   “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Gəlin qayası”, “Vaqif” operalarında bənzərsiz ifası ilə şöhrət tapan müğənni sənət yollarında inamla irəliləyir. Onun xoş zəngulələri, şirin səsi sərhədlər aşır, Azərbaycan musiqisini dünyanın neçə-neçə ölkəsində layiqincə təbliğ edir. 

   Bakı toylarının nadir qadın xanəndələrindən biri
   
   Musiqidə Xan Şuşinski və Zeynəb Xanlarovanın sənətini yüksək qiymətləndirən müğənni ilk dəfə Nardaran kəndinə toya gedir. Deyir ki, muğamı oxumağımda, mənimsəməyimdə o camaatın böyük xidmətləri olub: “Muğamın bütün şöbələrini oxuya bilirdim, amma muğamın içində bir bəzək var, bunu mən Bakı kəndlərindəki toylarda öyrənmişəm. Nardaran camaatı sadə oxuyanları toylarına çağırmır. Rübabə xanımdan sonra yeganə qadın müğənniyəm ki, məni Bakı kəndlərindəki kişi toylarına dəvət edirdilər. Bütün muğam oxuyanları, xanəndələri Bakı camaatı dolandırıb, elə mənim özümü də”.
   İndiyə kimi dünyanın bir çox ölkələrində qastrol səfərlərində olsa da, Yaponiya səfərini bu gün də unutmayıb. Deyir ki, o səfərimiz 12 gün davam etdi. Yaponlar bizim muğamlarımıza xüsusi maraq göstərir, konsertlərdən sonra gəlib oxuduğumuz qəzəllərin mənasını soruşurdular. Muğamlarımız onları heyran etmişdi. Necə ki, indi dünyanı heyrətləndirir.
   Sənətdə öz sözünü deyən Qəndab xanım bu gün də dəvət olunan məclislərə, televiziya və radio verilişlərinə ürəklə gedir. Onun ifası bu gün də özünəməxsusluğunu, təravətini qoruyub saxlayır. Deyir ki, sənətim məni xalqıma tanıtdırdı, xalqıma sevdirdi, sənətim məni xoşbəxt etdi. Sənət ömrümdən də, taleyimdən də razıyam. İki ömrüm də olsaydı, yenə bu sənəti seçərdim...
   
   Təranə Vahid