İyulun 29-dan avqustun 8-dək Qahirədə V Səma Beynəlxalq Musiqi Festivalı keçirilib. Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata görə, musiqi bayramında ölkəmiz kamança ustası və müğənni Mehri Əsədullayeva və onu müşayiət edən musiqi kollektivi ilə təmsil olunub.
   Festivalda Azərbaycanla bərabər, Türkiyə, ABŞ, Fransa, Çin, Hindistan, İraq, Pakistan, Ukrayna, Yəmən, İspaniya, Ekvador, Zambiya, Bosniya və Herseqovina, İndoneziya və digər ölkələrdən musiqiçilər iştirak ediblər. Ramazan ayı müddətində keçirilən Səma musiqi festivalı Misirdə və Yaxın Şərq regionunda ən böyük və nüfuzlu tədbirlərdən biri hesab olunur.
   Tədbir çərçivəsində Mehri Əsədullayeva Misirin “Məhəmməd Əli” və “Əl-Quturi” kimi möhtəşəm saraylarında keçirilən konsert proqramlarında çıxış edib. İncə və zərif Azərbaycan musiqisi nümunələrindən parçalar tamaşaçıların qəlbini oxşayıb.
   İfaçımız festivalın rəhbəri tərəfindən “dünyanın ən istedadlı qadın kaman ustası” kimi təqdim olunub.