Çoxcildliyin birinci cildi çapdan çıxıb
   
   "Azərbaycan musiqi tarixi" çoxcildliyinin birinci cildi nəşr olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsində hazırlanan və “Şərq-Qərb” nəşriyyatında işıq üzü görən nəşr Azərbaycan musiqi tarixinin ən qədim zamanlardan XX əsrə qədər dövrünü əhatə edir.
   
   Bu cilddə ilk dəfə qədim dövrlərdə musiqimizin icmalı, musiqimizin təməlini təşkil edən ənənəvi şifahi peşəkar xalq musiqisi - aşıq sənəti, muğamlarımız, musiqi folklorumuz - mahnılarımız, rəqslərimiz, qədim musiqi alətlərimiz, Nizami dövründə musiqi (XII əsr), musiqi elmimizin korifeyləri S.Urməvi, Ə.Marağayi, F.Şirvanı, böyük ensiklopediyaçı alim M.M.Nəvvabın, ustad xanəndə C.Qaryağdıoğlunun həyatı və yaradıcılığı təhlil edilir.
   Nəşrdə, eyni zamanda, Azərbaycan musiqisinin inkişafında Şuşa, Şamaxı, Bakı muğam məclislərinin böyük rolu göstərilir. Azərbaycanın çoxəsrlik musiqi mədəniyyətinin XX əsrin əvvəllərində yaranan bəstəkarlıq yaradıcılığının təməli, onun gələcək inkişafının əsası olduğu vurğulanır.
   Cilddə rəngli şəkillər, not nümunələri, rus və ingilis dillərində xülasə verilib. "Azərbaycan musiqi tarixi" çoxcildliyinin akademik nəşri layihəsinin rəhbəri və elmi redaktoru AMEA-nın müxbir üzvü Zemfira Səfərovadır.