Üzeyir Hacıbəylinin anadan olmasının 127-ci ildönümü ilə əlaqədar dahi bəstəkarın elmi sistemi əsasında tərtib olunmuş və gənc musiqiçilərin milli lad inkişafına həsr olunmuş fundamental proqram bu yaxınlarda çapdan çıxacaq.
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görəcək proqram Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə BMA-nın təcrübə bazası olan məktəb-studiyada işlənilib. Proqramın tərtibçiləri professor Fərhad Bədəlbəyli, BMA-nın ixtisas musiqi məktəb-studiyasının bədii rəhbəri və direktoru, professor Tərlan Seyidov, rəyçilər bəstəkar, Xalq artisti Arif Məlikov və musiqişünas-folklorçu, professor Ramiz Zöhrabovdur.
   Respublikanın musiqi məktəbləri və kolleclərin ixtisas fənləri kursuna əlavə olunan bu nəşr musiqi tədrisinin bütün mərhələlərində Azərbaycan ladlarının öyrənilməsini nəzərdə tutan tamamilə yeni metod təklif edir. Proqramda Azərbaycan xalq musiqisinin öyrənilməsinə dair zəngin musiqi materialı var. Bu, yeddi əsas muğama - “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı-Şiraz” və “Humayun”a aid olan bölmələrdə muğama uyğun olaraq təqdim olunan xalq və professional musiqi nümunələridir. Proqramda verilən notoqrafiya, saytoqrafiya və fənn üzrə 50 test sualı (tərtibçi professor Cəmilə Həsənova) ladların öyrənilməsində böyük köməklik göstərə bilər.
   «Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı proqramı»nın təqdimatı Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.