Dahi bəstəkarın doğum günündə paytaxtımızda növbəti incəsənət bayramına start veriləcək
   
   Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18 - 29 sentyabr 2012-ci il tarixlərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq ənənə halını almış festivalın açılışı 4-cü ildir ki, 18 sentyabr - \"Musiqi Günü\"nə təsadüf edir.
   
   Dahi bəstəkarın doğum günündə start veriləcək festivalda, ötən illərdə olduğu kimi, bu il də Bakının möhtəşəm konsert zallarında, teatr səhnələrində və muzeylərində Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, Argentina və İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlərin iştirakı ilə tədbirlər keçiriləcək. Musiqi bayramına gələcək kollektivlər və tanınmış ifaçılar sırasında Köln Akademik Kamera Orkestri (Almaniya), \"Signum\" saksafon kvarteti (Almaniya), Zaxar Bronun rəhbərliyi ilə beynəlxalq müsabiqə qaliblərindən ibarət kamera orkestri, \"Moskva virtuozları\" kamera orkestri (Rusiya), Vladimir Spivakov (dirijor, Rusiya), Gürer Aykal (dirijor, Türkiyə), Solen Paidassi (violin, Fransa), İlya Maksimov (piano, Rusiya), Aşu (saksafon, ABŞ), Kristov Kruaze (cello, Fransa), Canluka Marçiano (dirijor, İtaliya), Anna de laVeqa (fleyta, Argentina) var.
   Azərbaycanın tanınmış dirijor və solistləri, kollektivləri də xarici musiqiçilərlə birgə səhnəni bölüşəcək. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri, \"Contempo\" ansamblı, \"Furioso Quartet\", Rauf Abdullayev (dirijor), Toğrul Qəniyev (violin), Murad Adıgözəlzadə (piano), Murad Hüseynov (piano), Ağaverdi Paşayev (dirijor), Əyyub Quliyev (dirijor), Şəhla Əlizadə (arfa).
   Festival çərçivəsində \"Üzeyir evinin qonaqları\" adlı yeni musiqi layihəsi təqdim olunacaq. Layihədə gənc istedadlarla görüşlər, kamera musiqisi konsertləri keçiriləcək.
   Eyni zamanda C.Puççininin \"Canni Skikki\" operası (Azərbaycanda ilk ifa), Q.Qarayevin \"Yeddi gözəl\" baleti, həmçinin Ağcabədi şəhərindəki \"Qarabağ\" Muğam Mərkəzində Üzeyir Hacıbəylinin \"O olmasın, bu olsun\" operettası nümayiş olunacaq.
   Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında yeni çap olunmuş kitabların təqdimatı və \"Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları\" adlı elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulub.
   Bu ildən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı \"Musiqi Olimpi\" Fondu ilə əməkdaşlığa başlayıb. \"Musiqi Olimpi\" Fondunun xətti ilə gənc beynəlxalq müsabiqə laureatlarının konsertləri təşkil olunacaq. Konsertlər 18-21 sentyabr tarixlərində Azərbaycan Dövlət Filarmoniyasında, sentyabrın 20-də isə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. \"Musiqi Olimpi\" konsert proqramlarında dünyanın bir çox tanınmış musiqiçisi - Fransadan Solen Paydassı, Almaniyanın “Signum” saksafonçular kvarteti, İsveçrədən Kristof Kruaze, Rusiyadan İlya Maksimov, eləcə də Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
   Festivalın əsas məqsədi milli mənsubiyyətindən asılı olmayaraq, peşəkar və istedadlı gənc musiqiçilərin yaradıcılıq karyeralarına dəstək olmaqdır. Bu festivalda yalnız nüfuzlu beynəlxalq müsabiqələrin qalibləri iştirak edirlər. 7 ildir təşkil olunan festivalda indiyədək 40 ölkədən 400-dən artıq gənc ifaçı iştirak edib.