İsrailin Qüds şəhərində beynəlxalq musiqi festivalı keçirilib. “Jerusalem Sacred Music Festival”da Azərbaycanı Əməkdar artist Sevda Ələkbərzadə təmsil edib.
   Sənət müsabiqəsində Türkiyə, Argentina, Avstraliya, Bolqarıstan, Yunanıstan, Fransa və digər ölkələri təmsil edən ifaçılar da çıxış ediblər.
   Festival çərçivəsində S.Ələkbərzadə 2 min illik tarixi olan qədim mağarada geniş konsert proqramı ilə çıxış edib. Müğənni konsertdə “Şəbi-hicran”, “Sevdalı dünya”, “Gül açdı” musiqi albomlarından ən sevilən mahnılarını səsləndirib. Müğənnini konsertdə məşhur Mark Eliyaxın ansamblı müşayiət edib.
   Müğənninin solo ifasında səslənən muğam kompozisiyası və bəstəkarlarımızın əsərləri tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb. Təşkilatçılar ən gözəl konsertlər sırasında Azərbaycanın adını xüsusilə vurğulayıblar.