Musiqi tariximizdə sayılıb-seçilən, sənəti hələ sağlığında layiqli qiymətini alan insanlarla yanaşı, yaradıcılıq yollarında haqsızlıqla qarşılaşan, həyatda öz yerini tuta bilməyən istedadlı simalar da olub. Belə sənət fədailərindən biri də Bəhram Nəsibovdur. Sənətkarın yaradıcılığına xəbislikdənmi, paxıllıqdanmı daima eyhamla, kinayə ilə yanaşılıb. Həvəskar bəstəkar deyib, adını dilə gətirməyiblər...
   
   Bəhram Paşa oğlu Nəsibov 1941-ci ildə Füzuli rayonunun Rəfədinli kəndində musiqiçi ailəsində doğulub. Atası xanəndə, əmisi Bayram tarzən olub. Lakin Bəhramın 8 yaşı olanda əmisi, 12 yaşı olanda isə atası dünyasını dəyişir. O, erkən yaşlarından incəsənətə, xüsusilə musiqiyə dərin maraq göstərir. Orta təhsilini başa çatdırdıqdan sonra bu həvəs onu Bakıya gətirir. 1962-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunur. Son kursa qədər müvəffəqiyyətlə oxuyur. Lakin kiçik bir münaqişəyə görə ali məktəbdən uzaqlaşdırılır. Yalnız 15 il sonra ali təhsil ocağının diplomunu alır. Bu zaman o artıq təcrübəli musiqiçi, Bakı Orkestrlər Birliyinin solisti idi. Öz təşəbbüsü ilə “Şahnaz” ansamblını yaradır. Ansambl xeyli vaxt fəaliyyət göstərir.
   Bəhram Nəsibov 200-dən çox mahnı bəstələyib. Bu mahnılar televiziyada, radio dalğalarında yayımlanaraq respublikanın ən ucqar yaşayış məntəqələrində də sevilir və dillər əzbəri olur. Onun “Var gülüşündən”, “Qarabağ”, “Səni qəmli görəndə”, “Ay dəli ceyran”, “Sənə qurban”, “Eşqimin baharı”, “Güldən incəsən”, “Könül qızım”, “Deyin, hardadır”, “İllər”, “Analar”, “Xatırla məni”, “Sanki xəyalmış”, “Bəxtəvər gəlin”, “Nədir xəyalın”, “Qadan mən allam” və s. mahnıları, həqiqətən də, sənət əsəridir. Bu, doğrudan da, belə olmasaydı, respublikanın xalq artistləri və istedadlı muğam xanəndələri İslam Rzayev, Arif Babayev, Süleyman Abdullayev, Tükəzban İsmayılova, Tamella Məmmədzadə, Niyaməddin Musayev, Məmmədbağır Bağırzadə və başqaları həmin əsərləri böyük həvəslə oxumazdılar...
   Təəssüflə qeyd edək ki, onun incə ruhlu mahnıları uzun müddət efirlərdə xalq mahnısı kimi təqdim olunub. Neçə-neçə könüllər fəth edən Bəhram Nəsibov bir bəstəkar və şair kimi tanınmayıb.
   O həm də gözəl ailə başçısı idi. Dörd övlad böyüdüb və tərbiyə edib. 1993-cü ilin sentyabrında o, ağır xəstələnir. Qarabağın, doğma Füzulinin işğalından sonra həssas qəlbi sarsıntılar keçirirdi. Qan təzyiqindən əziyyət çəkirdi. Çox çəkmir, beyninə qan sızır. Coşqun yaradıcılıq ömrü beləcə başa çatır. O, uzun sürən xəstəlikdən sonra 56 yaşında ikən dünyasını dəyişir.
   Bəhram Nəsibov xatirələrində yazır: “1980-ci ilin əvvəlləri idi. Görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovla toy məclisi aparırdıq. Bir nəfər “Humayun” muğamı oxumağı sifariş etdi. Qədir çox oxumuşdu. Yorğun idi. Bu sifariş də vaxtsız verilmişdi. Buna görə də çətin və ağır dəstgahı oxumaqdan imtina etdi. Məclisdə narahatçılıq yaranmağa başladı. Onu yaxından tanıyanlara məlum idi ki, Qədir əsəbiləşərsə, məclisi tərk edə bilər. Yaranmış gərginliyi və narahatçılığı aradan qaldırmaq lazım idi. Ona görə də heç kimi gözləmədən gitaranı götürdüm. “Humayun” muğamını çalmağa başladım. Məclisdə dərhal səs-küy kəsildi. Hər tərəfə dərin sükut çökdü. Bu dərin sükutu Qədir özü pozdu. “Humayun”u oxumağa başladı. Dəstgah başa çatdıqdan sonra sürəkli alqışlar qopdu. O, məclisə belə bir müraciət etdi: “Ay camaat, bu alqışlar mənim yox, Bəhram Nəsibovundur. İnanın, əgər dünyanın yarısını da mənə versəydilər, bu gün “Humayun” oxuya bilməzdim. Məni tilsimdən çıxaran Bəhram Nəsibovun ifa etdiyi qəmli, qüssəli təranəsi oldu”.
   Yenə Bəhram Nəsibovun xatirələrinə qayıdaq: “Xalq artisti Həbib Bayramova söz vermişdim ki, Tükəzban xanım üçün bir mahnı yazacağam. Ancaq heç cür alınmırdı. O da hər dəfə məni görəndə soruşurdu: Bəhram, mahnını yazmısan? Mən də hər dəfə bir bəhanə gətirirdim. Bir dəfə də soruşanda yalandan dedim ki, bəs yazmışam. Sözümdən tutdu və dedi: Gedək bizə. Əyləşdik maşına, elə maşında beynimə bir bəndlik şeir gəldi:
   
   Siz, ey ilk eşqimin şahidi dağlar.
   Ətirli baxçalar, çiçəkli bağlar!
   Deyin, hardadır o üzü dönmüş?
   Sevən ürəyim onu soraqlar.
   
   O daha sonra yazır: “Ümumiyyətlə, mahnılarımın qəribə yazılma tarixi var. Şimşəyin çaxması kimi olur. Bir də gördün, gəldi nitqimə yazdım. Elə mahnılarım da olub ki, yuxuda hazır görmüşəm. Yuxudan qalxıb kağıza köçürmüşəm...”
   Bu gün bu mahnılar dillər əzbəridir və onlar hər dəfə ifa olunduqca müəllifinin ruhu şad olur.
   
   Savalan Fərəcov