Gənc azərbaycanlı bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Türkər Qasımzadənin əsəri ABŞ-ın Masaçusets ştatının Boston şəhərində keçirilən beynəlxalq “ALEA III” müsabiqəsinin finalında səslənib.
   
   Müəllif, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu T.Qasımzadə bildirib ki, final konsertində amerikalı musiqisevərlərə “Qurama” əsərini təqdim edib. Əsər amerikalı musiqisevərlərin böyük marağına səbəb olub.
   “ALEA III” musiqi yarışması 1980-ci ildən keçirilir. Budəfəki müsabiqənin finalında iştirak üçün 200 müraciətdən Azərbaycan da daxil olmaqla yalnız 6 ölkə - ABŞ, Meksika, İspaniya, Yunanıstan, Polşa bəstəkarları vəsiqə qazanıb. Bu mötəbər sənət yarışmasının keçirilməsinin başlıca məqsədi dünya bəstəkarlarının müasir üslubda musiqi yaradıcılığına dəstək verməkdir.
   Türkər Qasımzadə 2011-ci ildə Manhetten Musiqi Akademiyasında magistr dərəcəsi alıb. Hazırda gənc bəstəkar Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən olan Sinsinati Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq təhsilini davam etdirir.
   
   Lalə