Ötən illərin mahnıları
Emin Sabitoğlunun xəyal dünyası
O, hər saralıb budağından qopan payız yarpağının, buluddan qopub cadarlanmış torpağı öpən hər yağış damlasının, hər əsən yeldə ləpələrlə öpüşən sahil qumunun ruhunu bilirdi, dilində danışırdı. Hələ ilk sevgilimizin, ilk görüşümüzün, ayrılığımızın, hicranımızın, sevincimizin, kədərimizin dilində dediklərini saymıram. Qəhrəmanlıq notlarımızda, döyüş əzmimizdə, dodaqlarımızı tərpədən təbəssümlərdə, olumdan ölümə hər anda onun ürək pıçıltıları, qəlb nəğmələri bir tərcüman, şahiddir.
Onun könlündən qopub pianonun ağ-qara dillərində əbədiləşən musiqiləri ilk notlarından müəllifini tanıdır, milyonlara sevdirirdi. “Bir axşam taksidən düşüb payıza” haraya-hayana gedəcəyini bilməyənlər onun melodiyalarında özünə təsəlli tapırdı.
O, ömrünün son illərini Vətəndən uzaqda, qərib-qardaş ölkədə yaşadı. Pərəstişkarları onu bu səfərə «Dağlar”, “Dərələr”, ömrünə bəzək seçdiyi “Ağ çiçək”lə yola saldılar. Sonra, sonra isə Bakı vaxtı ilə işləyən saatın donuq əqrəblərində qarşılayıb əbədi sevdalısı vətən torpağına tapşırdılar. Bir bəstəkar, vətəndaş, yurddaş olaraq onu sevən hər kəs bu nota kökləndi: «Bizə «Əlvida” deyib “Ayrılıqdan betər dünyada nə var?” həqiqətində yoğuran adam, “Can Azərbaycan”ın sənə elə hey layla çalacaq...
Notlara köçən əfsanə
Qaranlıq gecələri işıqlı gündüzlərin əvəz etdiyi qızılı payız günlərinin birində doğuldu, elə həmin payızın saralmış yarpaqlarında da köç etdi dünyadan. Amma bu iki adi məqam arasında adilikdən çox-çox uzaq musiqili bir ömür yaşandı. Elə bir ömür ki, yaşanaraq yaratdığı nəğmələr musiqi ilə çırpınan hər bir ürəyin könül simlərində səsləndi. O, repressiyaların tüğyan ilində, bir çox qapıların qəfil döyülüb sakinlərinin naməlum ünvanlara aparıldığı məşum 1937-nin 2 noyabrında doğuldu. Dünyaya gəlişi ilə yazıçı-dramaturq Sabit Rəhmanın evinə böyük sevinc gətirdi. Ədib ilk övladına Emin adını verdi. Bir az dəcəl, bir az ərkəsöyün bu uşaq elə musiqiyə də kiçik yaşlarından həvəs göstərdi. Atasının musiqi təhsili olmasa da, gözəl piano çalırdı. Oğlunun musiqiyə böyük həvəsi olduğunu görən yazıçı onu 7 yaşı tamam olanda musiqi məktəbinə qoyur. İndiki Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyan Eminin müəllim sarıdan da bəxti gətirir, musiqidə ilk bələdçisi məktəbin direktoru, görkəmli pedaqoq Kövkəb Səfərəliyeva olur. Emin ilk vaxtlardan müəlliminin diqqətini cəlb edərək onun sevimli şagirdləri sırasına daxil olur.
Gələcək bəstəkar hələ musiqi məktəbində oxuyarkən ilk əsərlərini - fortepiano üçün bir neçə pyes və romansını yazır. Musiqi məktəbini uğurla bitirərək 1954-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində oxuyur, müəllimindən sənətin sirlərini öyrənir. İki ildən sonra P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirilir və məşhur bəstəkar Yuri Şaporinin sinfində oxumağa başlayır. Moskvada oxuduğu illər Emin Sabitoğlunun sənətkar kimi formalaşmasına böyük təsir göstərir. O, Moskvanın ən nüfuzlu musiqi salonlarında keçirilən konsertlərə, tamaşalara gedir, konservatoriyanın musiqi həyatında yaxından iştirak edirdi. Amma vətənini bir anlıq belə unutmurdu.
1961-ci ildə Moskva Konservatoriyasını “əla” qiymətlərlə başa vurur. Buraxılış imtahanı üçün ilk simfoniyasını yazır və əsər “əla” qiymət alır. Təəssüf ki, o sonradan bu janra qayıtmır və bu, onun ilk və son simfoniyası olur. Sonralar mahnı janrına daha çox vaxt ayırdı, 600-dən çox mahnının müəllifi oldu. 40-a yaxın filmə musiqi bəstələdi, 9 musiqili komediya yazdı.
Musiqinin olduğu hər yerdə
Emin Sabitoğlunun sənət tərcümeyi-halı, onun rəngarəngliyi və zənginliyi bəstəkarın parlaq istedada və musiqi bilgisi ilə yanaşı, həm də çoxşaxəli yaradıcılıq fəaliyyətindən xəbər verir. Moskvadan qayıdandan sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru kimi çalışan bəstəkar sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Dövlət Konservatoriyasında müəllim kimi fəaliyyət göstərir. Beləcə, musiqi tədrisinə də öz töhfələrini verir. Müxtəlif janrlarda bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edirdi. Bu sırada teatr və televiziya tamaşalarına yazdığı musiqilər bir ayrı özəllik təşkil edir. Paytaxt teatrları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına da musiqilər yazır, onun bəstəkar yozumu həmin teatr nümunələrini daha da sevilən və yaddaqalan edir. Ən çox sevdiyi və diqqət etdiyi janrlardan biri musiqili səhnə əsərləri idi ki, bu sahədə debütü S.Rəhmanın librettosu əsasında yazdığı “Hicran” musiqili komediyasıdır. O tamaşa məhz təkrarsız musiqinin sayəsində hələ uzun illər sonra da insanların ruhuna, gözünə, könlünə təravət, gözəllik gətirəcək.
Kino yaddaşımızın musiqisi
Emin Sabitoğlu yaradıcılığında kino musiqisi də bir ayrı yer tutur. Təsadüfi deyil ki, tamaşaçı bu filmləri musiqiləri ilə tanıyır, məhz o notlarla qəhrəmanı, onun yaşantılarını, hiss və həyəcanlarını duyaraq özününküləşdirir. Bu mənada bəstəkarın məşhur «Ölsəm, bağışla» filminə yazdığı musiqi bir ayrı məna, məram kəsb edir. O musiqidə sevginin, məhəbbətin, yaşamağın və hətta ölməyin belə necə gözəl və təkrarsız olduğunu hiss etmək mümkündür. Bəstəkar filmlərə musiqi yazanda ilk növbədə ssenari, süjet xətti, rejissor və ifaçı ilə yaxından tanış olur və qəlbinə yaxın mövzularda işləməyə üstünlük verirdi. Yaxın dostu, görkəmli kinorejissor Rasim Ocaqovun bütün filmlərinin musiqisini o yazıb. Bu sırada “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “Onun bəlalı sevgisi”, “Bəyin oğurlanması”, “Təhminə” və digər filmlərə bəstələdiyi musiqilər mahnıları kimi hər zaman sevilərək dinlənilir.
Çiçəkləri gəlib özün dərəsən,
Yolda qalıb baxışları neyləyim?..
Emin Sabitoğlu sadə bir bəstəkar deyildi. O həm də bir rəssam idi. İnsan hisslərini, insan cizgilərini öz musiqi çeşməsinin gözünə qatıb səslərlə rəsm edən sənətkar idi. Onun nəğmələri yaşanaraq yaranan ecazkar əsərləri sadə bir bəstəkarın qəlb pıçıltıları deyildi. Gözlə görülüb, dilə gətirilə bilməyə, təsviri mümkünsüz ən incə və dərin duyğuların, düşüncələrin dilsiz, ən gözəl musiqini belə susmağa vadar edən melodik sükutu idi. Bu sükut səssiz hayqırtı idi əslində.
Ona işləmək üçün mütləq royal arxasına keçmək lazım deyildi. Nəğmələri əvvəlcə ruhunda çalınırdı. Qəlbindəki notları kağıza köçürmək isə elə də çətin deyildi. Bunun üçün əsrarəngiz təbinin əsas şahidi bir siqaret qutusu da kifayət edirdi. İstər yolda, istər iş otağında, auditoriyada, istərsə də doğma royalının arxasında. O, notları özünə ram edən, onlara meydan oxuyan bəstəkar idi.
Emin Sabitoğlunun mahnılarında melodiya ilə mətn arasında mütləq bir harmoniya var. Bəstəkar kimi onun üçün əsas prinsip isə bənzərsizlik, təkrarsızlıq idi. Təsadüfi deyil ki, yüzlərlə mahnısını ilk notundan tanımaq və onları bir-birinə oxşatmadan dinləmək mümkündür.
«Ayrılıq, ayrılıq, aman ayrılıq»
Nəğmələri dəmir sərhədləri aşıb hələ ötən əsrin 70-ci illərindən qardaş Türkiyədə qanad çalan Emin Sabitoğlu 1994-cü ildən bu ölkədə yaşadı, yazdı, yaratdı, öyrətdi. İstanbul Texniki Universitetinin Xalq Musiqisi Konservatoriyasında dərs dedi. İstanbulda yaxşı tələbələri olsa da, maraqlı günlər keçirsə də, vətənindən ötrü çox darıxırdı. Hətta evində bir Bakı otağı da düzəltmişdi, o otağın divarına asılan saat Bakı vaxtını göstərirdi, oradakı əşyalar doğma ocağını, sevimli Bakısını xatırladırdı. İstanbulda bir cədvəl qurmuşdu, orada Bakıya dönəcəyi tarixi qeyd etmişdi. Həmin məqamı yaxınlaşdırmaq məqsədilə hər gün cədvəldəki rəqəmlərin üstündən bir-bir xətt çəkərdi. Deməli, vətəndən, Bakıdan, Xəzərdən uzaq keçən bu 6 ilin hər günü nə qədər əzablı, intizarlı, həsrətli olub. Ürəyi elə hey vətənə sarı çırpınan bəstəkarın bu yanğısını son nəğmələrindən birində elə təsvir və tərənnüm edib ki, o musiqiyə qulaq asanda ruhun dalanır, yazıqlaşır...
Minarəli İstanbulda
Hər gün Bakı düşər yada.
Könül istər bu həsrətə
Kədərli bir nəğmə həsr edə...
Gəl qoşulaq durnalara
Vətən sarı uçaq-uçaq...
«Mən sizə gələcəm»...
Dedi və bir gün bu həsrətə son qoymaq üçün həmin durnalara qoşulub Vətən sarı gəldi. Bu gəliş, son uçuş 2000-ci ilin payızına təsadüf edirdi. O, noyabrın 22-də Akademik Milli Dram Teatrında atası Sabit Rəhmanın 90 illik yubileyi ilə bağlı tədbirə həyəcanla hazırlaşırdı. Bəstəkarın Bakıya gəlişini eşidən dost-tanışlar onun başına toplaşdı, o isə Xəzərin ləpələrinə doğru tələsdi, sahildə gəzmək, Bakının tanış küçələrini, sevimli insanlarını, məhəbbət dolu baxışlarını görməyə, məhrəm iltifatlarını eşitməyə tələsdi. Sanki hər şeyin bitəcəyini, son nota kökləndiyini duyurmuş kimi. Və noyabrın 18-də sonsuz sevgi və məhəbbətlə, hələ yazılacaq musiqilərlə dolu ürək əbədi dayandı. Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Emin Sabitoğlu doğma şəhərində, tanış simaların, mehriban ağuşların arasında, yəni arzu etdiyi kimi köç etdi dünyadan. Hələ yazılmayan neçə-neçə gözəl mahnı, deyilməyən neçə gözəl söz, hələ çox könülləri sığallayacaq neçə həzin səs də onun qəlbində gömüldü doğma vətən torpağına...
Həmidə Nizamiqızı