Dekabrın 14-də dünya şöhrətli müğənni, bənzərsiz ifaçı, SSRİ Xalq artisti Rəşid Behbudovun (1915-1989) anadan olmasının 98-ci ildönümü ilə əlaqədar sənətkarın adını daşıyan 2 saylı onbirillik musiqi məktəbində xatirə tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Quliyeva Rəşid Behbudovun həyat və yaradıcılığından danışdı, dahi müğənnini nəsillərə örnək sənətkar adlandırdı: “Rəşid Behbudov ifaçılıq sənəti ilə bizim üçün böyük bir məktəb qoyub getdi. Onun ifaları gələcək nəsillər üçün əvəzolunmaz sərvətdir”.
Qeyd olundu ki, görkəmli estrada və opera müğənnisi Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə anadan olub. Valideynləri Tiflisə Şuşadan köçüblər. Atası Məcid Behbudov məşhur xanəndə olub. Rəşid Behbudov dünyanın onlarla ölkəsində qastrol səfərlərində olub, bir çox dildə mahnılar ifa etməsi ona dünya şöhrəti qazandırıb. O, “Arşın mal alan” (1945) və “Bəxtiyar” (1955) filmlərində aktyor kimi əsas rollarda çəkilib.
Musiqi məktəbinin uğurlarından da danışan Qəmər Quliyeva təhsil ocağının yetirmələrinin “Eurovision” kimi dünya miqyaslı mahnı yarışmasında yüksək səviyyədə iştirak etdiklərini, ölkəmizə qalibiyyət gətirdiklərini dedi.
Sonra unudulmaz müğənninin repertuarından mahnılar 2 saylı musiqi məktəbinin yetirmələrinin ifasında səsləndi. İfaçılar arasında 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi olmuş Eldar Qasımov, 2013-cü ildə bu beynəlxalq musiqi yarışmasının ikincisi Fərid Məmmədov və “Junior Eurovision-2013” mahnı müsabiqəsinin xüsusi mükafatçısı Rüstəm Kərimov da var idi.
İfaçıların çıxışları tamaşaçıların alqışları ilə qarşılandı.
Dövlət Mahnı Teatrında anım gecəsi
Dekabrın 14-də SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr edilmiş daha bir anım tədbiri korifey ifaçının qurub-yaratdığı və bu gün adını daşıyan Dövlət Mahnı Teatrında keçirilib. Musiqili gecədə Milli Məclisin deputatları, mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin təmsilçiləri, Rəşid Behbudovun ailə üzvləri - qızı və nəvəsi iştirak edirdi.
Tədbirin əvvəlində Rəşid Behbudovun ifasında mahnı səslənib. Mahnı Teatrının solisti, Əməkdar artist Gülyanaq Məmmədova tədbir iştirakçılarını salamlayaraq Rəşid Behbudovun Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələrindən, milli musiqi sənətinin xaricdə təbliğ edilməsi sahəsində böyük xidmətlərindən danışıb. Qeyd olunub ki, bu il sənətkarın anadan olmasından 98, onun yaratdığı Mahnı Teatrının fəaliyyətə başlamasının 45 ili tamam olur.
Gecədə Mahnı Teatrının musiqi və rəqs kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.
Fariz Hüseynov