Murat Boz Bakıya gələcək
Türkiyənin “yeni meqastarı” Murat Boz martın 17-18-də Heydər Əliyev Sarayında konsert proqramı ilə pərəstişkarlarının görüşünə gələcək. 1980-ci ildə Türkiyənin Zonquldaq vilayətində anadan olan Murat Boz İstanbul Anadolu Gözəl Sənətlər Liseyində, Bilgi Universitetinin caz-vokal sinfində oxuyub. Daha sonra İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında təhsil alıb.
Uzun müddət meqastar Tarkanın vokalisti kimi çalışan Murat Boz müxtəlif vaxtlarda Şakira, Nilufər, Nazan Öncəl, Demet Sarıoğlu, Hande Yenər, Burcu Günəş kimi sənətçilərin, “Hepsi” qrupunun albom və səhnə performanslarında vokalistlik edib.
Solo karyerasına 2006-cı ildə başlayıb. “Püf”, “Uçurum”, “Vazgeçmem”, “Hayat sana güzel”, “Geri dönüş olsa”, “Özledim”, “Olmuyor” və s. mahnıları hitə çevrilib və müğənniyə böyük tamaşaçı sevgisi qazandırıb. Piano, skripka və neydə ifa etməyi bacaran Murat Boz yazar və bəstəkar kimi də fəaliyyət göstərir. 2011-2013-cü illərdə Hadisə, Hülya Avşar və Mustafa Sandalla birgə “O səs Türkiyə” yarışmasının münsiflər heyətində yer alıb. “World Consumer Academy”, “İstanbul FM Altın”, “Altın Kelebek” və s. mükafatların laureatıdır.
Azərbaycanda da populyar olan sənətçinin Bakıda ilk solo konserti Novruz bayramı ərəfəsində musiqisevərlərə hədiyyə olacaq.