Martın 5-də Niyazinin mənzil-muzeyində fortepiano musiqisi axşamı keçirildi.
Tədbiri muzeyin direktoru Rza Bayramov açaraq bildirdi ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin klassik musiqi həvəskarları klubunun təşəbbüsü ilə mütəmadi olaraq belə sənət axşamları keçirilir.
Qeyd olundu ki, budəfəki fortepiano musiqisi axşamının qonağı gənc pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Seyidxanım Babayevadır.
Sonra söz musiqiçiyə verildi. Gənc pianoçu Qərb bəstəkarlarından Lüdviq van Bethovenin “Apposionata”, Frederik Şopenin ”4 nömrəli ballada”, Ferens Listin “Vəhşi ov”, rus bəstəkarı Pyotr Çaykovskinin “Xəyal” və s. əsərləri ifa etdi. Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Tədbirdə Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti, paytaxt muzeylərinin əməkdaşları iştirak edirdi.

Savalan Fərəcov