Almaniyanın Eslinqen şəhərində keçirilmiş “tonArt” festivalında gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin soprano və klarnet üçün yazdığı “Bu axşam, quşlar” əsəri səslənib. İrlandiyanın paytaxtı Dublində reallaşan “Up Close with Music” adlı digər festivalın konsert proqramına isə bəstəkarın solo-fleyta üçün yazdığı “Patterns of the ink dissolving in water” (“Suda həll olan mürəkkəbin naxışları”) əsəri daxil edilib. Gənc bəstəkarın “Solo for Erin Lesser” əsəri bu ilin yayında İtaliyanın Tuskan bölgəsində keçiriləcək “Cortonia Prize” müasir musiqi festivalında ifa üçün seçim turundan uğurla keçib. Bu əsər müxtəlif ölkələrdən təqdim edilən 84 nümunə arasından seçilərək 17 finalçı əsər sırasına daxil edilib.
Bundan əlavə, Türkər Qasımzadə iyulda Fransada keçiriləcək nüfuzlu “Etchings” festivalının təşkilat komitəsindən də dəvət alıb.