Aprelin 19-da məşhur amerikalı müğənni Maykl Bolton ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Mərkəzindən bildiriblər ki, rok-balladaları ilə bütün dünyada şöhrət qazanmış tanınmış bəstəkar və ifaçı həmin gün azərbaycanlı tamaşaçılar üçün ən sevilən və yeni mahnılarını səsləndirəcək.
Əsl adı Mixail Bolotin olan 60 yaşlı, rus əsilli müğənni ABŞ-da doğulub boya-başa çatıb. Uğurlu ifaçılıq karyerası ilə yanaşı, ABŞ-ın ən məhsuldar bəstəkarlarından biri kimi tanınır. Bob Dilan, Devid Foster, Barbra Streyzand kimi dünya ulduzları üçün mahnılar yazıb, Luçano Pavarotti, Xose Karreras kimi məşhurlarla duet oxuyub. “Qremmi” mükafatı laureatı musiqiçinin albomları dünya üzrə 53 milyon nüsxədən artıq satılıb, Hollivudun “Şöhrət xiyabanı”nda adına ulduz var.