Moskva Konservatoriyasının Raxmaninov zalında Fərəc Qarayevin yubileyi
Rusiyanın “Muzıkalnaya jizn” jurnalında görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qarayevin 70 illiyi münasibətilə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında keçirilmiş yubiley konserti haqqında məqalə dərc olunub. Müəllif İrina Snitkovanın məqaləsini təqdim edirik.
Fərəc Qarayevin konserti nadir və həmişə gözlənilən hadisədir. Hazırda bəstəkarın əsərlərini eşitmək üçün bəlkə də yeganə şans artıq neçə illərdir ki, dinləyiciləri «qismən», amma müntəzəm tanış edən «Yeni musiqi studiyası» ansamblının konsertləridir. Dekabrın sonunda baş tutmuş konsert 70 illiyini qeyd edən Qarayevin «yaradıcılıq portreti» qismində idi və janrın qanunlarına görə, bəstəkarın tərcümeyi-halında növbəti yaradıcılıq mərhələsini bir növ yekunlaşdırırdı.
Elə həmin qanuna görə də yubiley konserti müəllifin illərlə düşünüb-daşınıb «elə və aləmə» çatdırmaq istədiklərinin mahiyyətini özündə daha dolğun ehtiva edir. Amma Fərəc Qarayev musiqisinə və şəxsiyyətinə münasibətdə belə «yüksək» üslubda danışmaq nə qədər doğrudur? Artıq baş tutmuş konsertdən göründüyü kimi, yəqin ki doğrudur! Bu dünyada mövcudluğunun «lokallığını» dərindən dərk edən bəstəkarın həyat və yaradıcılıq mövqeyində patronalist «müdrikliyinə» və ya ibrətamizlik «avtoritetliyinə» əvvəlki kimi yenə də az da olsa yer yoxdur. «Kənar adam» kiçik musiqili tamaşasından (mətn - İ.Axmetyev) konsertdə ifa olunmuş replika müəllifin dünyaya son dərəcə həssas, incə və bir qədər kənarlaşmış münasibətini tam aydınlığı ilə göstərir: «Siz onsuz da çoxsunuz, burdan da ki, mən...» Qarayev öz əsərlərində dəqiq və çeynənmiş təriflərə gəlməyən, gah incə kinayə, gah məharətli mistifikasiya, gah da nostalji sentimentallıqla qəlbin dərinliklərinə işləyən emosional-labil, «titrək» atmosfer yaradır. Onda «akademik sənətkarlıq» sıxıntısı yoxdur, amma özündə hər şeydən əlavə həm də gözəl orkestrovkanı nəzərdə tutan əsl yüksək peşəkar incəsənətin gözəlliyi və nəfisliyi var.
«Yeni musiqi studiyası» və dirijor İqor Dronov Qarayev musiqisinin xüsusi ruhunu həssaslıqla duyurlar və çalğıçılarla zal arasında yaranmış və bütün konsert boyu mövcudluğunu saxlamış emosional rezonans da bundan irəli gəlir.
Proqramın açılışında Yekaterina Kiçiginanın füsunkar-qəmli ifasında F.Q.Lorkanın şeirinə yazılmış “Cancion de cuna” (“Layla”, 2001) bütün axşamın bir növ poetik epiqrafı oldu. Musiqinin müğənni tərəfindən həssaslıqla çatdırılan «etiraf xarakteri», Qarayevin öz sözlərinə görə, burada şairin «Dostlarıma deyin ki, mən ölmüşəm» sözləri ilə müəyyənləşir. Bəstəkarın musiqisinə bu qədər xas olan həyatın əbədi olmadığı, mövcudiyyətin hər anının «sonuncu» ola biləcəyi duyğusu öz davamını sonra səslənən əsərdə - Olqa Qaloçkina tərəfindən gözəl ifa olunan violonçel üçün solo “Terminus” (1987) pyesində - tapdı. Amma musiqinin bariz dramatik xarakteri səslənməni daha ekspressiv sahəyə keçirdi. Qəribə relyefli «düzümlənmiş» unisonun daxili laylanma prosesi, güclü vibrasiya edən simin son hədd enerjisi, kəskin, amma demək olar ki «mənasız» mübahisə-dialoqun gərginliyi - bütün bu mürəkkəb emosional-refleksiv kompleks violonçel ifaçısı tərəfindən yüksək sənətkarlıqla canlandırılmışdı.
Qarayev musiqisi axarında gənc azərbaycanlı bəstəkar Elmir Mirzəyevin pyesi özünəməxsus «intermesso» oldu və Qarayevin yaradıcılıq şəxsiyyətinin daha bir mühüm cəhətini - müəllim və dost istedadını əks etdirdi. Beş ifaçı və maqnitofon plyonkası üçün «Dağıdılmış anarxiya dünyasının illüzor qavranışı» (2008) minnətdar şagirddən öz müəlliminə musiqi töhfəsidir. Müasir həyat xaosunun təbiətini tədqiq edən emosional parlaq, gözəl və sənətkarlıqla yaradılmış əsər Azərbaycan bəstəkarlıq məktəbinin yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirdi.
Axşamın proqramı təzadlı müxtəlif janrlı əsərlər sırası kimi düşünülmüş və burada müxtəlif ifaçılar nəzərdə tutulmuşdu: vokal-instrumental kompozisiya, solo violonçeli üçün pyes, müğənni və xorun iştirakı ilə teatrlaşdırılmış tragifars, maqnitofon plyonkası ilə ansambl əsəri və nəhayət, «ənənəvi» üçhissəli skripka konserti. Belə ardıcıllıq prinsipi dinləyici «köklənmə»sinin fəal dəyişməsinə rəvac verdi və bütün axşamın özünəməxsus süjet-dramaturji intriqasını formalaşdırdı. «Qızıl kəsik» nöqtəsi burda elə həmin «Kənar adam» - özündə vokal-xor əsəri, instrumental teatr və absurd-dadaist tamaşa əlamətlərini birləşdirən qeyri-müəyyən janr statuslu əsər oldu. Moskva Konservatoriyasının kamera xoru (bədii rəhbər Aleksandr Solovyov) və solist Aleksey Vyaznikov (tenor) öz vokal partiyalarını ifa edəndə həm də özləri üçün qeyri-adəti rolda çıxış edirdilər - onlar əsərin əsas məna kolliziyasını («mən» və «sizin hamınız» arasında münasibətlər) nəsə bir «aksional» süjet - simvolik jestlər sistemi və məkan yerdəyişmələri - vasitəsilə çatdırırdılar. Həm öz bədii mənasına, həm də proqramın qurulmasına görə tamamilə «ayrıca» hadisə - ikinci hissədə ifa olunan orkestr və solo skripka üçün konsert (2007-2013) oldu. Əgər şedevr sözü ilə bağlı bütün «adəti» ibarələri kənara qoysaq, bu əsərə daha dəqiq və ciddi qiymət vermək çətindir. Artıq əsərin özünün adında Qarayev yaradıcılığı üçün «əbədi» olan «mən və bu böyük aləm» məsələsi oxunur. Onun «rəngarəng» musiqisində mədəniyyətin uzunmüddətli yaddaşı və birinci növbədə onun gözəl romantik qatı canlanır. İncə sitatlar və onlardan da incə allüziyalar, üslubca, ahəstə «nüfuz etmələr», «ərimələr», bir materialdan digərinə «axıb keçmələr» daim açılmaqda olan zamandankənar xətdə sıralanırlar. Solist Stanislav Malışev bu musiqini sıxıcı-kəskin intonasiya, ehtiras və intensiv «yanan» daxili güclə zənginləşdirdi. Bu dərin, göz yaşlarına qədər nüfuz edən, inandırıcı «cəngavər gözəllikli» əsəri, şübhəsiz, Qarayev yaradıcılığının zirvəsi hesab etmək, onun ifasını isə musiqi həyatında ən iri hadisələr sırasına aid etmək olar.