Mayın 19-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-publisist Günel Anarqızının "Seçilənlər" kitabının təqdimatı və musiqili ədəbi-gecə keçirildi.
Kitaba müəllifin son 15 ildə qələmə aldığı müxtəlif səpkili yazıları - müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları daxildir. Bu yazıların əksəriyyəti müxtəlif vaxtlarda Günel Anarqızının baş redaktoru olduğu "El", "Pəncərə", "Ölkəm" jurnallarında, eləcə də başqa mətbu orqanlarda çap edilib.
Müəllifin qeyd etdiyi kimi, "Seçilənlər" kitabı onun jurnalistika sahəsində fəaliyyətinin oxucular qarşısında bir növ hesabatıdır. Kitabda oxucular dünya şöhrətli yazıçılar Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, görkəmli rəssamlar Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Altay Sadıxzadə ilə müsahibələri, korifey musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğlu haqqında esselər, unudulmaz şairlər Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, akademik Ziya Bünyadov və adlarını mədəniyyət tarixinə həkk etmiş onlarla başqa böyük şəxsiyyət haqqında ithaf xarakterli yazılar yer alıb.
Mərasimdə Xalq yazıçısı Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov müəllifi təbrik ediblər. Kitabda müsahibə və söhbətləri yer alan xalq artistləri Fidan və Xuraman Qasımovalar, Əməkdar artist Fərqanə Qasımova, Xalq artisti, pianoçu Murad Hüseynov, vokal-instrumental “Qaya” qrupunun üzvləri çıxış ediblər.