Mayın 12-dən 18-dək Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilən festival bu dəfə də musiqisevərlərə xoş anlar yaşadıb. Festivalın son üç günü maraqlı konsert proqramları ilə yadda qalıb.
Mayın 16-da Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib. Dirijor Yaroslav Tkalenkonun rəhbərliyi ilə solistlər Mariya Buynosova (soprano), İrina Moreva (soprano), Svetlana Şilova (mezzo-soprano), Sergey Polyakov (tenor), Aleksandr Aliyev (bariton) və Vladislav Popov (bas) çıxış etdilər. Proqramda dünya şöhrətli bəstəkarlardan C.Verdi, U.Cordano, R.Leonkavallo, C.Puççini, J.Bize, J.Offenbax və K.Sen-Sansın əsərləri səsləndirilib.
Mayın 17-də Azərbaycan Dövlət Filarmoniyasında dirijor Xetaq Tedeyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin növbəti konserti gerçəkləşib. Solistlər Rostropoviç Fondunun təqaüdçüləri Aleksandr Malofeyev (piano), Lizi Ramişvili (violonçel) və Daniel Lozakoviç (violin), Nicat Məmmədov (fleyta) idi. Gecədə K.Sen-Sans və F.Mendelsonun əsərləri ifa olunub.
Mayın 18-də festivalın son konserti də Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bu dəfə V.A.Motsartın “Don Juan” operasından uvertüranı və 40-cı simfoniyasını, eləcə də R.Şumanın violonçel və orkestr üçün konsertini ifa edib. Gintaras Rinyakçivusun dirijorluğu ilə keçən konsertdə solist kimi David Gerinqas (violonçel) çıxış edib.