Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan nəşr - Adolf Bio Kasaresin “Morelin ixtirası” kitabı çapdan çıxıb.
Tərcümə Mərkəzindən bildirilib ki, kitabın ispan dilindən tərcüməsi və nəşri Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Tərcümələrə dəstək üzrə proqramı çərçivəsində həyata keçirilib.
Yazıçının ədəbi irsi “Morelin ixtirası” romanı ilə Azərbaycan oxucusuna ilk dəfə çatdırılır. Əsəri orijinaldan Azərbaycan dilinə Emin Ələsgərov tərcümə edib.
Qeyd edək ki, vaxtilə ispandilli ədəbiyyatın məcrasını məşhur Argentina yazıçısı Xorxe Luis Borxeslə birlikdə kökündən dəyişmiş Adolf Bio Kasares 1990-cı ildə Servantes ədəbiyyat mükafatına layiq görülüb.