Gürcüstanın paytaxtı Tbilisidəki M.M.İppolitov-İvanov adına 6 nömrəli musiqi və incəsənət məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Adilə Yusifova ilə görüş keçirilib. Məktəbin direktoru Lika Çxeidzenin dəvətilə gerçəkləşən səfər zamanı A.Yusifova təhsil ocağı şagirdlərinin hesabat konsertində iştirak edib.
Səfərdən qayıdan Adilə xanım təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, hesabat konserti V.Saracişvili adına Gürcüstan Dövlət Konservatoriyasında keçirilib: “Gəlişimizdən çox məmnun qaldılar. Tədbirdə Tiflis şəhər merinin müavini Sevdiya Uqrexelidze də iştirak edirdi. O da bizimlə görüşdü. Sonra məktəbin direktoru Lika Çxeidze təhsil ocağı haqqında məlumat verdi. Qeyd etdi ki, məktəbin yetirmələri beynəlxalq festivallarda uğurla iştirak edirlər”.
Hesabat konsertində çıxış edən Adilə Yusifova atası Niyazi Kərimovun Gürcüstanla sıx əlaqələrindən söz açıb, onun Tbilisidə konservatoriya nəzdində mərkəzi musiqi məktəbində oxuduğunu, burada Teatr İnstitutunda namizədlik dissertasiyası müdafiə etdiyini diqqətə çatdırıb. Musiqiçi “Cövdət Hacıyev” monoqrafiyasını, “Milli naxışlar”, “Musiqili mücrü” və “İthaf” əsərlərinin not yazılarını məktəbə bağışlayıb.
L.Çxeidze bildirib ki, yeni tədris ilindən bu əsərlər tədris olunacaq, eyni zamanda məktəbdə A.Yusifovanın yaradıcılıq gecəsi keçiriləcək. Tiflis şəhər merinin müavini S.Uqrexelidze qeyd edib ki, belə tədbirlər hər iki xalqın mədəni əlaqələrinin güclənməsinə təkan verir. Sonra Adilə xanım “İttihaf” əsərini fortepianoda ifa edib. Onun ifası alqışlarla qarşılanıb. Azərbaycanlı professorun “Musiqi təhsili. Sərhədsiz musiqi” layihəsi çərçivəsində yaradıcı əlaqələri davam etdirmək arzusu müsbət qarşılanıb.
Səfərin ikinci günü A.Yusifova Gürcüstan Bəstəkarlar İttifaqında təşkil olunan musiqi festivalına qatılıb, həmçinin Tbilisi ilə tanış olub, böyük mütəfəkkir ədib Mirzə Fətəli Axundzadənin ev-muzeyinə də baş çəkib.
Savalan Fərəcov