Oktyabrın 31-də Rusiyanın Xalq artisti Andrey Makareviç Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bu, tanınmış sənətçinin Bakıya ilk qastrol səfəridir. Müğənni, bəstəkar, prodüser, teleaparıcı, rəssam kimi tanınan Andrey Makareviç hələ uşaq vaxtlarında fortepianoda və gitarada ifa etməyi öyrənib. 2001-ci ildə isə “Kreol tanqosunun orkestri” layihəsini reallaşdıraraq ayrı-ayrı musiqiçiləri bir araya gətirib. Azərbaycanda da Andrey Makareviçin bir çox pərəstişkarı var. Bu mənada onun Bakıdakı ilk konserti maraqla gözlənilir.