Bənzərsiz xanəndəmiz Alim Qasımovla - uzaqdan-uzağa söhbət
Öncə, elə “qarası”na bir-iki kəlmə:
- Sənin Səsin üsyançıdır, qəlbləri fəth eləyən fatehdir, Alim! Çənlibelli baş igidimiz kimi nərələnib, zövq xanlarını, paşalarını, hayıl-mayıl cayılları şil-kütləyəndir. Aşıq Cünun cürə ozan-yozanlayıb, ixtiyar qocaları, qarıları biixtiyar edəndir.
Bu nə zalimlikdir, Alim?!.
Hələ bu “qorabişirən” ayın ortasında doğulmağını demirəm! Dünənki yandırıcı gün altında da - təbrik və bir müsahibə üçün zəng edirəm, deyirsiz, inciməzsizsə, bir-iki tezinciyən jurnalist var, onlarla görüşüm, sonra...
Yox, qadam, bu yazını sonraya saxlamaq mümkün deyil və neynək, builki ad gününüzü - 57 yaşınızı da qiyabi qarşılayaq.
Əslində, 50 illiyiniz ərəfəsindəki müsahibəmizdən qalan fikirləriniz, o vaxtdan haqqınızda eşidib-bildiyim nüanslar az deyil; onlardan yoğurub bir yazı yapasıyam.
...Hə, görəsən bu yaşdamı da o vaxtkı fikirdəsiz ki, əsas söhbət nədən başlamaqda deyil, necə başlamaqdadır? Görəsən, mübahisə-müzakirə etdiyimiz “məhək daşı” məsələsinə indi necə baxırsız? Yəni “köhnə kişilər” məsələsi. Mən deyəndə ki, bir vaxtlar xanəndə-sazəndələr deyərmişlər, elə danışma, Xan əminin qulağına çatar, özünü elə aparma, Cabbardan, Seyiddən ayıbdı, Siz də sir-sifətinizlə onların ruhu qarşısında bağır basıb “Həə, Allah onlara rəhmət eləsin!” - demişdiz. Əlavə etmişdiz ki, indilər onların sənətlərinə yaxın olanlar var, amma çəki-çəkinməlilərini “deyəmmərəm”. Bu qorxu qorxmaq deyil. O nəhənglərin dövründə də çox dəbdə olanlar olub, amma bugünün dürbini ilə baxsaq, onları o ustadların səsinin gedib çatdığı uzaqlıqda da görmərik. Belələri «ustaddan ayıbdır» qanacağının özünü ayıb sayırlar. İndi həm demokratiyadır, həm də “demokratiya”; kim gecə nə düşünür, səhər çıxarır bazara. Özü də iş bundadı ki, həmən bu “təzənırx” bazarda o qəlp mallar çox vədə xalislərdən “xod” gedir...
Sonra mən bir “çətinçatan” söz zarafatı etdim: “Camaat deyir, Alim hərdənbir Azərbaycanda da olur”. Dediniz, “hesab elə ki, başa düşmədim”. Yəni, səfərlərdə çox olursuz. Aydındı... Belə getsə, bir gün sensasiyalayacaqsız ki, ay camaat, Alim Qasımov Azərbaycana gəlib!
Ardınca: aha, bu, ciddi söhbətə keçid üçün pis zarafat olmadı” dedim, gülümsədiz: “Deməli, pratakol söhbəti də eliyəcəyik?” Dedim, hə, ara-sıra. Məsələn, “Azərbaycan mədəniyyəti və dünya”, “Muğamat və əcnəbi bəşərat”, “Alim və qastrollar”...
Barmağınızı sinənizə döyə-döyə: “Belə çətin suallar Alimlik döyül, alimlərlikdir-dediniz - Bu çoxmaddəli sualın axırıncı bəndindən bir çıqqan danışa bilərəm ki, bu da Şamaxıdan başlayıb, Səmərqəndlərdən keçib, Amerikalara, nə bilim, Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq-Konq, Yaponiya, İran-Turanlara gedib çıxır.
Soruşdum ki, bu güzarlardan bir gileyiniz yox ki”, “Niyə, Allaha şükür, hər şey yaxşıdı - dediniz - Qabaqlar çox yerdə ancaq çörək pulu verirdilər, indi, maşallah, təşkilatçılarımızın sayəsində çox yaxşıdı. Axı bunlar həm də xəmiri milli mədəniyyət, sənət, mənəviyyat məsələləriynən yoğrulan səfərlərdir - xeyli vaxtdı Azərbaycan sənətinə cəfakeşlik edən Mehriban xanım Əliyevanın sayəsində. Çıxışlarımız da ki, çox yüksək səviyyədə alınır, qəribə-qəribə şeylər olur...
Mən “məsələn?” - deyib, sözümü bitirməmiş, Siz ovqat dolu bir “misalən” deyib, başladız ki; “Allahu Əkbər”in qurtardığı, oxu-ifa məsələlərində “uzundərə”çilikdən uzaq o ölkələrdə hər konsertdən sonra mənə yaxınlaşıb, qəribə-qəribə vurğunluq ifadə edirlər həmişə. Bir kərə - hər ölkə nümayəndələrinə yarım saat vaxt verilmiş bir konsertdən sonra keçirilən banketdə bizim dövlətin, nazirliyimizin və bəndənizin ünvanına bir saat tost dedilər. Ən yaddaqalan isə bu oldu ki, bir yapon qadın bizim çıxışlarımızı elə muğam səviyyəsində dəyərləndirdi, dedi ki, Azərbaycan muğamı “cənnətdən gələn səs”di. Bu, mənə indiyəcən eşitdiyim çox ütülü təriflərdən, fikir-zikirlərdən güclü təsir etdi”.
Bir az duruxub, İspaniyada keçirilən “Səs festivalı»nda qızınız Fərqanə ilə «görəcəkli bir konsert çıxartmağınızdan” da bir-iki epizod söylədiniz: “Düz saat yarım - musiqisiz-zadsız - dəf vura-vura oxuduq. Məni bağışlayın, tamaşaçılar yerlərində özlərinə yer tapa bilmirdilər...”
Mənim “Alim, belə bir rəy var: muğam ən çox başları, qalan digər musiqilər ən çox ayaqları tərpədir. Oralardamı da belə məqamlar olur” sualıma cavabınız çox qürurverici idi: “Oralara təzə-təzə gedəndə, bu zalım muğamatın “öldüm-öldüm” məqamlarında görürdüm başlarıynan ritm tuturlar, mənə də belə gəlirdi ki, məni doluyurlar. Amma yaşlaşdıqca, gördüm yox, bizim muğam doğrudan da baştərpədən, cansilkəliyən eşq imiş! Əsas odur ki, sənətkar bu qoca, bu müdrik nərin ovsarını lazım olan məqam-mənzilə yönəldə bilsin”.
Söhbətimizin əvvəlindəki “qastrollarda o qədər olursuz ki” eyhamımı təkrarlayanda Sizin təkrar cavabınız da eyhamlı oldu: “Bunun taxsırı məndə deyil, artıq bütün dünyanın sevməyə başladığı muğamlarımızdadı”. Yox axı, muğamlarımızı dünyaya çoxdan ayaq açdırmışdılar, - dedim, “Mən elə şeyləri bilmərəm...” - dediniz. Mən də - eləmə tənbəllik - ərz etdim ki, onda, bildiyiniz məsələlərdən danışaq. Məsələn, bu boyda dünya sarayı qazanmış Alim Qasımov ilk “planeti” - beşik evi, ilk yuvası, hələ “heç kim”liyi haqda balaca bir “doklad” edə bilərmi?
Əvvəl çox kövrək bir lada düşdünüz, sonra, elə özünüz demişkən, “o çağlarkı hal”a: “Mən özüm uşaqlıqda kefindənkeçən aşıq-aşıq ustası olmuşam, siqareti siqaretə calamışam, tinlərdə oturub tum cırtlamışam və bütün bunları birdən-birə tərgitmişəm. Qaldı “ilk yuva”ma, bu barədə uzun-uzadı “segah”layası deyiləm. Ora mənim axirət dünyamdı. Vəssalam”.
Bu əhvalınız mənə də sirayət etdi: “Sizin o vaxtkı dostlarınızdan biri kör-kövşəndən çıxıb gəlir bu şəhərə, oxuyub olur böyük adam və Alimi heç yada salmır, heç vaxt baş çəkmir. Belə halda deməzdizmi ki, filankəs yaman yekəlib”? Gülümsünüb, buyurduz ki, bəlkə də... “Əgər o, görüb-görüşməyə ləzzətverən adam olardısa, yanmışdığımdan mütləq deyərdim”.
Fürsəti fövtə vermədən belə bir sual verdim: “Həə, indi görüb-görüşməyə hədsiz ləzzətverən Alim Qasımov özü “yekəlməyib” ki?”
Əlbəəl “Mən nə karəyəm ki, özümü Allahın o düzünəqulu bəndələrindən, toz-torpaqdan savay heç nəynən çirklənməmiş insanlardan yekə tutam? Nədi, noolub, (gülümsündünüz) siz bu “bədniyabət” fikrə düşməynən, Allahın bir tikə quru səs verib, bir baş qaldırdığı bəndəsini xırdalamaqmı istəyirsiz? Düzdü, mən bir heylə vaxt tapammıram ki, tez-tez gedib onlara baş çəkəm, amma həsrətlərini çox çəkirəm. Bilirsiz, uşaqlıq dostluğu - əsgərlikdi, tələbəlikdi, qar-qazamatdı - bunların hamısından əfzəldi. Qoy bunu sizlərin dilüznən bir aranjiman eliyib deyim ki, bu da elə ilk məhəbbət kimi bir şeydi - çox şirin, amma əlçatmaz. Əslində mən hələ də özümü onlardan biri hesab edirəm: bir az suçuyam, bir az bağbanam, şoferəm, fəhləyəm...”
Düzü, təəccübləndim: “Necə yəni, “Xalq artisti” və “suçu”?
Mənim təəccübüm onun təəssüfünün kölgəsində qaldı. “Necə bəyəm, noolub, xalq suçusu, xalq bağbanı olmaz? Mənim kimi çalıb-oxuyanları, sizin kimi yazıb-pozanları həmən o xalq taxılçıları, xalq qırxınçıları yedizdirib-geyindirmirmi? Hə, cavab verin də”. Dedim, biz sual verənlərik, dedi: “verin də”.
Mən isə bu iqtisadi-“siyasi” söhbətdən təbiətə qaçmağı üstün tutdum: “Bugünkü bu məlum Xalq artistinin ümumaləm səsi ovaxtkı o ala-tala məhəllələrdə, dərə-təpələrdə neyləyirmiş, necə ərş-gürşlənirmiş?..”
Baxdım ki, onun da əhvalı tər-təmiz təbiətlənib: “İndi necədisə, o vaxt da elənçik. O vaxtı indiki kimi müsabiqələr, Allahın bəzi bəndələrinə verdiyi səslərin axarını tutub dəryaya çəkən sarbanlar olmasa da, “bisavad” kənd-kəsək “münsif”çiləri mənə deyirdilər, a bala, çıx get yuxarıya, bu dərələr sənin səsivi udacaq...”
Vəziyyəti belə görüb bir az da həzinləşdim; ay Alim, ev-eşik küncünə çəkilib öz-özünə ağlayan uşaqlar görmüsüz? Bir az əsəbləşən kimi oldu, “Əlbət!-dedi - Göydən-zaddan enməmişəm ki? Elə onlardan biri də mən özüm. Oxəntərə zıqqıldadığım olub ki!” Hə, bax o sayaq bir küncə çəkilib özünüzçün oxuduğunuz da olubmu? “Bununçün day qıraq-bucağa nöş çəkilirəm? - deyib, birnəfəsə davam etdi: - Mən elə camaatın içində özümə də konsert verirəm də! Amma hərdən özümü imtahana çəkməkçün təklikdə gərənayladığım da olur.
Dedim, sizinçün əlçatmaz adam varmı, dedi, “bunlar ancaq sənətkarlar ola bilər”.
Və məqam idi: “Bax bu mənada sənə əli yetməyən adamlar var; onlar nə qohum, nə həmyerli, nə kolleqa, nə jurnalistdi ki, bir yol tapıb görüşə bilsin, amma Sizinlə ünsiyyətə əşhədi-ehyacları var...” “Yazın ki, mənim qapım, mənim ürəyim onların üzünə həmişə açıqdır. Amma bir şərtlə: məni tərif, mənə sevgi ilə vaxtımızı yelə verməyək. Allahdan, peyğəmbərdən, sənətdən, sanbaldan danışaq...”
“Bildiyinizdən danışdız, indi də bir az bir “bilmədiyiniz” barədə...” sözümü yarımçıq kəsdi: “O nədi elə?”
Dedim bu, budur ki, rəhmətlik Qədir “Sona bülbüllər” adlı bir özəl saray yaratdı, amma... ton-betonu hamıdan bol olan Alim hələ də bu qədər “qızılkoma” xalq mahnılarımızdan birini rekonstruksiya edərək “villa”lamayıb?..
Yaman fikrə getdi və elə yaman da cavab verdi: “Bu, həm bir qismət işidi, həm də Qədir Rüstəmovlara o eşqi verən Əhsən Dadaşovların, Əhmədxan kimi əjdaha ustadların...”
“İstərdim, təvazökarlığa uymadan Azərbaycanın neçə faizini öz dinləyiciniz hesab edirsiz” sualımı da aman-zaman cavabladı: “Ruhu dədə-babalarımıza bağlı olanların hamısını...”
...Bir konsertdə yüzbir ifadan yorulmayan sənətkar yorulmuş kimi görsənsə də, “bu üst-başı açıq şou aləminin şərikləndiyi sənət bazarında Alim Qasımov “piştaxta”sının vəziyyəti necədir” sualıma da şövqlə qoşuldu: “Niyə, şükr, kasadlıq deyil. Əksərən məccani olan o «piştaxta»ya daha çox «əliaşağılar», amma mənəviyyatı milli-mənəvi var-dövlətlə kalan “alıcılar” yaxınlaşır...”
Gördüm qarşılıqlı bir sağollaşma ab-havası yaranıb, soruşdum ki, “Alim Qasımov - xalq sevgisi və dövlət qədir-qiyməti”nin hansı birinci? “Heç bir rəngsiz-filansız deyim ki, bunların ikisini də birinci hesab edirəm” - dedi - Xalqın sevgisindən ruh, şanı-şöhrəti həmişə uca dövlətimizin qayğısından isə həm də hərəkət alıram...”
Tahir Abbaslı