17-ci dəfə təşkil edilən musiqi bayramına İstanbulda start veriləcək

Fəaliyyət göstərdiyi 20 ildən artıq müddətdə türk xalqları arasında mədəni əlaqələrin inkişafı, qardaş xalqların zəngin mədəniyyət və incəsənətinin dünyada tanıdılması yolunda bir çox layihələrə imza atan TÜRKSOY-un ənənəvi layihələrindən biri də “Opera günləri”dir.
Bu il 17-ci dəfə təşkil edilən TÜRKSOY-un "Opera günləri”nə sentyabrın 15-də İstanbulda start veriləcək. Türkiyənin ünlü opera sənətçisi Leyla Gencerin xatirəsinə həsr olunan builki musiqi bayramının ilk konserti İstanbulda yeni sənət məkanında - Leyla Gencer Opera və Mədəniyyət Mərkəzində olacaq.
Sentyabrın 30-dək davam edəcək "Opera günləri”ndə türk dünyası ölkələrindən 15 tanınmış vokalçının ifaları səslənəcək. Opera ulduzlarının İstanbul konsertindən sonra növbəti musiqi axşamları Türkiyənin Bursa, Ayvalık, Aliağa, Marmaris və Ödemiş şəhərlərində, eləcə də Şimali Kiprdə - Bellapais monastırında və Girne Amerika Universitetində gerçəkləşəcək.