Dahi bəstəkarın doğum günündə milli musiqi bayramı

Hər il olduğu kimi, bu il də dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabr ölkəmizdə milli musiqi bayramı kimi qeyd olunur. Bu münasibətlə sentyabrın 18-də mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin və digər görkəmli sənətkarların məzarlarını ziyarət etdilər.

Ölməz sənətkarın əbədiyyət məkanında

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Üzeyir Hacıbəylinin məzarı ətrafına toplaşmış tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır. Böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: «Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu il də dahi Üzeyir Hacıbəylinin doğum günü bütün musiqi müəssisələrində geniş şəkildə qeyd edilir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda 10-dan çox ölkədən tanınmış kollektivlər, musiqiçilər iştirak edəcək”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə də dahi Üzeyir bəyin xatirəsinə həsr olunmuş festival tədbirlərindən söz açdı. Bildirdi ki, festival çərçivəsində Bəstəkarlar İttifaqında «Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində» mövzusunda elmi-praktik konfrans, musiqi ensiklopediyasının, yeni kamera ansamblının təqdimatı olacaq: «Üzeyir musiqisi o qədər mükəmməl və gözəldir ki, bütün ölkələrdə rəğbətlə qarşılanır. Mövlanə gözəl deyib, bizim məzarlarımızı torpaqlarda aramayın, aydınlarımızın qəlbində taparsınız. Doğrudan da, musiqi göylə yer arasında bir ahəngdir ki, onu dahi insanlar yaradır. Biz də ona qulaq asanda saflaşırıq, gözəlləşirik».
Çıxışlardan sonra Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından «Şəbi-hicran» kompozisiyası səsləndi.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Azərbaycan Milli İncəsənət Muzeyinin bağında nümayiş olunan «Güllələnmiş heykəllər» abidəsini ziyarət etdilər. Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələr önünə qərənfillər düzüldü, Üzeyir bəyin, Bülbülün və Natəvanın xatirələri yad edildi.
Milli Musiqi Günü tədbirləri daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında davam etdi.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirdi ki, bu gün Azərbaycan mədəniyyətinin, Azərbaycan mənəviyyatının və əxlaqının formalaşmasında son dərəcə böyük rolu olan Üzeyir bəyin doğum günüdür. Bu münasibətlə keçirilən tədbirlərdən söz açan nazir müavini bildirdi ki, Üzeyir Hacıbəyliyə həsr olunan ənənəvi beynəlxalq musiqi festivalı hər il sənət aləmində böyük əks-səda doğurur.
Azərbaycan dövlətinin ölkəmizdə musiqi mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan nazir müavini Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun və başqa dahi bəstəkarlarımızın musiqi ənənələrinin bu gün də uğurla davam etdirildiyini vurğuladı.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək təbriklərini çatdırdı.


“Yolumuz Üzeyir bəylə başlayır, onunla davam edir”

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli festivalın əhəmiyyətindən, bu tədbirin ölkəmizin dünyada musiqi diyarı kimi tanınmasında rolundan danışdı: «Hər şey Üzeyir bəylə başlayır, onunla da davam edir. Süleyman Ələsgərov həmişə deyərdi ki, biz Üzeyir Hacıbəylinin çörəyini yeyirik. Bu doğrudan da belədir. 1921-ci ildə konservatoriyada Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan ənənələr indi də davam edir. Biz onun yolu ilə gedirik. Təbii ki, Üzeyir səviyyəsində olmaq imkansızdır, amma biz çalışırıq ki, onun bəstəkarlıq məktəbi davam etsin. Hazırda musiqi ifaçılarımız bütün Avropada uğurla çıxış edirlər, festivallarda və müsabiqələrdə uğur qazanırlar. Biz çox xoşbəxtik ki, belə bir dahi insan Azərbaycanda doğulub, burada yaşayıb və fəaliyyət göstərib. Hər birinizin bayramını təbrik edirəm».
Xalq artisti Xuraman Qasımova qəzetimizə açıqlamasında bildirdi ki, Üzeyir Hacıbəylinin ad gününün belə təntənəli qeyd edilməsi gözəl bir ənənədir: «Biz musiqiçilər uşaqlıqdan onun musiqilərini dinləyə-dinləyə, ifa edə-edə böyümüşük. Ona görə də bizim üçün ikiqat bayramdır. Mən bu münasibətlə bütün xalqımızı təbrik edirəm. O gün olsun ki, Üzeyir Hacıbəylinin musiqisi, uvertürası yenə onun vətənində - Şuşa torpaqlarında səslənsin».
Tədbirdə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında klassik musiqi nümunələri təqdim olundu.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı

Sentyabrın 18-də axşam Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı oldu. Festivalın ilk konsert proqramında Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) çıxış etdi. Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Yohann Bramsın “Violin və orkestr üçün konsert”i, Arif Məlikovun “Fortepiano və orkestr üçün konsert”i (ilk ifa) səsləndirildi. Solistlər Ceyhun Allahverdiyev (piano) və İlya Qrubert (violin, Hollandiya) idi.
Sentyabrın 19-da festivalın iki konsert proqramı təqdim ediləcək. Bakı Musiqi Akademiyasında keçiriləcək kamera musiqisi konsertində Jalə Rəsulova (piano), Fərid Feyzullayev (violin), Lalə Mürşüdli (cello) çıxış edəcəklər. Azərbaycan Dövlət Filarmoniyasında isə festivalın qonağı - Belarus Respublikası Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Yevgeni Buşkov) konserti olacaq. Solistlər Mark Buşkov (violin, Belçika) və Andrey Qlazenkovdur (bandoneon, Belarus).
Sentyabrın 28-dək davam edəcək festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan musiqiçi və kollektivlərin, eləcə də Azərbaycan Dövlət Xor Kapellası, Dövlət Xalq Çalğı Alətləri Orkestri, Q.Qarayev adına Dövlət Kamera Orkestrinin, tanınmış və gənc ifaçıların iştirakı ilə konsertlər nəzərdə tutulub.

Fəxriyyə Abdullayeva
Həmidə Nizamiqızı