Sentyabrın 16-də Məmməd Səid Ordubadinin xatirə muzeyində Dövlət Din Tarixi Muzeyi ilə birlikdə “Musiqi - mənəvi sərvətimiz” adlı tədbir keçirilib.
Tədbiri Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva açaraq ədibin yaradıcılığında musiqinin rolu haqqında danışıb. Bildirib ki, Ordubadi milli musiqimizə yüksək dəyər verərək onu öz əsərlərində təbliğ etməyə çalışıb.
Sonra muzeyin bələdçisi Nərmin Baxşıyevanın Azərbaycan musiqisinin keçdiyi tarixi yol və dünya musiqi aləmində tanıdılmasından bəhs edən məruzəsi dinlənilib. Bu sahədə dahi Üzeyir Hacıbəylinin müstəsna rolu vurğulanıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Üzeyir bəyin qohumu Telman Ağdamski, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva və digər çıxış edənlər zəngin Azərbaycan musiqisindən söz açıblar.
Sonda Fikrət Əmirovun Məmməd Səid Ordubadinin sözlərinə yazdığı “Gülərəm gülsən” romansı, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Sevgili canan”, “Sənsiz” və digər musiqi əsərləri səsləndirilib. Tədbirdə Din Tarixi Muzeyinin, Əzim Əzimzadə və Bülbülün ev-muzeylərinin əməkdaşları iştirak edib.
Fariz