Ənənəvi beynəlxalq caz festivalı məşhur ifaçıları bir araya gətirəcək
Oktyabrın 19-dan 30-dək Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda ənənəvi beynəlxalq caz festivalı keçiriləcək.
“Bakı Caz Festivalı - 2014” çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Filarmoniyası, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı və Bakı Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Terence Blanchard, Stanley Clarke, Craig Taborn, Anat Cohen, Michel Camilo, Trilok Gurtu, Terri Lyne Carrington və başqalarının çıxışları gözlənilir.
Eyni zamanda Azərbaycanın tanınmış caz ifaçıları və caz qrupları - Salman Qəmbərov, Elçin Şirinov, Rain Sultanov, “Rast” qrupu, "Cəngi" caz qrupu və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
Festivalın açılışı oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Həmin axşam ilk olaraq məşhur amerikalı caz pianoçusu, orqan ifaçısı və bəstəkar Kreyq Tebornun (Craig Taborn) triosu səhnəyə çıxacaq. Məşhur musiqiçi James Carter ilə əməkdaşlıq sayəsində məşhurlaşan cazmenin yaradıcılığında avant caz, abstrakt elektronika, breykbit üstünlük təşkil edir.
Festival çərçivəsində Heydər Əliyev Sarayında üç konsert proqramı təqdim olunacaq. Saraydan verilən məlumata görə, 21 oktyabrda “Rast” qrupunun 20 illiyi münasibətilə yubiley konserti olacaq. Oktyabrın 22-də məşhur cazmen Terence Blanchardın kvinteti, 28 oktyabrda isə dünya şöhrətli cazmen, bəstəkar Stanley Clarkenin qrupu çıxış edəcək.