“Yaxşı bəstəkar olmaq üçün milli musiqimizin özəyi sayılan muğam sənətini dərindən bilmək vacibdir. Bizim musiqinin gözəlliyi onun kökündə muğamın, xalq musiqisinin dayanmasından qaynaqlanır”.
Bu fikirlər bəstəkar ailəsində doğulan, musiqi sədaları altında böyüyən, çoxşaxəli bacarığı ilə fərqlənən gənc bəstəkar İlahə Qismətə (İsrafilova) məxsusdur. İstedadlı gənc zəhmətsevərliyi və gördüyü işə məsuliyyəti ilə artıq bir çox uğurlar əldə etməyə müvəffəq olub.

Kiçik yaşlarından başlayaraq musiqinin sirlərinə dərindən yiyələnməyə çalışan İlahə Xalq artisti, Prezident təqaüdçüsü, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Nəfəsli Alətlər Orkestrinin solisti Zümrüd Məmmədovanın qızıdır. Musiqinin sehrinə düşən balaca İlahə üç yaşından “Cücələrim” ansamblında çıxış edib. Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano (Gülnarə Mirzoyevanın sinfi), bəstəkarlıq (Nərgiz Şəfiyevanın sinfi) və xanəndəlik (muğam ustadı Qəzənfər Abbasovun sinfi) siniflərində təhsil alıb.
Həmsöhbətim bəstəkarlığa gəlişini belə xatırlayır: “İlk dəfə bəstəkarlıq sinfinə gedəndə 9 yaşım var idi. Müəlliməm Nərgiz Şəfiyeva mənə “istədiyin bir janrda musiqi yaz gətir” dedi. Evə gəldikdə əlimə keçən ilk kitab Zəminə Xınalının “Müqəddəs Vətən” kitabı oldu. Kitabdakı “Müqəddəs Vətən” şeiri diqqətimi cəlb etdi və böyük həvəslə bu şeirə marş yazdım. Nərgiz xanım marşı dinləyib bəyəndi. Bir müddətdən sonra bu əsərlə Hərbi Orkestrin dirijoru, professor Yusif Axundzadəyə müraciət etdik. Yusif müəllim əsəri diqqətlə dinlədi və bizi məşqə dəvət etdi. Orkestrin arxasında Yusif Axundzadənin dirijorluğu altında və anamın ifasında marşı dinlədim. Bu an keçirdiyim hisslər təsvir olunmazdır. İfa bitdikdən sonra Yusif müəllim məni kollektivə təqdim etdi. Hər kəs məni alqışlamağa başladı. Bu mənim ilk alqışlarım idi. O an qərara gəldim ki, mən mütləq bəstəkar olmalıyam”.
2010-cu ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun sinfinə daxil olduqdan sonra İlahənin qarşısında yeni üfüqlər açılır. Təhsil aldığı müddətdə müəllimindən bəstəkarlıq sənətinin sirlərini öyrənir, bir-birindən maraqlı əsərlər yaratmağa həvəslənir. Ustadının dəyərli məsləhətləri ilə “20 prelüddən ibarət silsilə”, “Anxiety”- (əndişə) fortepiano üçün Sonatina”, “Reasons”, Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış “Hisslər” adlı silsilə romanslar, “Qələbə” simfonik poeması və başqa musiqi əsərlərini yazır.
İlahə Qismətin “Fikir qanadlarım”, “Xatirələr” və akademiyanın II kursunda yazdığı pyeslər silsiləsi musiqi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. O, ali təhsil illərində eyni zamanda ikinci ixtisas kimi simfonik orkestr dirijorluğuna yiyələnərək tanınmış dirijor Əyyub Quliyevdən dərs alıb. Yüksək təhsil göstəriciləri və fəallığına görə təhsil müddətində Qara Qarayev təqaüdünə layiq görülüb. Bəstəkar hazırda Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinin magistraturasında təhsil alır. Bu pillənin hələ son olmadığını deyən musiqiçi təhsilini xaricdə davam etdirməyi planlaşdırır.
Gənc bəstəkar özünü həm də rəssam, aktrisa, ssenarist kimi də sınayır. Ssenarisi əsasında “Arzulara gedən yolda” adlı qısametrajlı film çəkilib. Filmin musiqisi də İlahəyə məxsusdur.
Eyni zamanda bu il sözləri və musiqisi özünə məxsus olan “Sənsizəm” adlı mahnısını gənc müğənni Anar Məmmədov ifa edib və klip çəkilib. O, həmçinin 2014-cü ildən başlayaraq “Muğam” vokal-instrumental qrupunun üzvü kimi konsertlərdə çıxış edir.
Gənc bəstəkarın daha bir uğuru isə bugünlərdə “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Mədəniyyət və Turizm Nazirliyinin birgə keçirdiyi “20 şanlı il” mahnı müsabiqəsində qazanıb.
“Ən yaxşı vokal əsəri” və “Ən yaxşı instrumental əsər” nominasiyaları üzrə keçirilən müsabiqəyə təqdim etdiyi 2 dəqiqəlik “Əsrin müqaviləsi” adlı vokal himni Xalq artisti Samir Cəfərov ifa edib. Himn 40 əsər arasından seçilərək “Ən yaxşı vokal əsəri” nominasiyasında qalib olub. Qeyd edək ki, əsər yenidən aranjiman edilib və klip çəkilməsi planlaşdırılır.
İlahə Qismət bu uğurlara görə müəllimi, görkəmli bəstəkar, Bakı Musiqi Akademiyasının professoru Arif Məlikova xüsusilə minnətdardır. Gənc bəstəkar bundan sonra da əzmlə çalışıb, təhsilini daha yüksək yerlərdə davam etdirərək Azərbaycan milli musiqisinə dəyərli əsərlər bəxş etməyi qarşısına məqsəd qoyub. Biz də bu yolda ona uğurlar arzu edirik.

Fariz Hüseynov