Gələn ilin martında Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Musiqi Akademiyasının və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin birgə təşkilatçılığı ilə “Gənc musiqiçilərin tədris repertuarında Üzeyir Hacıbəylinin milli lad sistemi” mövzusunda respublika festivalı keçiriləcək. Festivalın təşkilat komitəsindən verilən məlumata görə, tədbir dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130, Bakı Musiqi Akademiyasının yaradılmasının 95 və akademiyanın nəzdindəki orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr olunub.
Festival milli musiqinin təlim-tərbiyə prosesində didaktik rolunun gücləndirilməsinə dair yeni metodların işlənib hazırlanmasında BMA-nın və orta ixtisas musiqi məktəb-studiyasının çoxillik fəaliyyətini əks etdirir. Martın 24-dən 28-dək davam edəcək festival “Fortepiano”, “Bəstəkarlıq”, “Azərbaycan xalq çalğı alətləri”, “Solo oxuma”, “Xor oxuma”, “Orkestr alətləri” nominasiyalarında keçiriləcək. Festivalın təşkilat komitəsinin sədri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir. Münsiflər heyətinə xalq artistləri Arif Məlikov, Ramiz Quliyev, Xuraman Qasımova, Gülbacı İmanova, Zəhra Quliyeva, Əməkdar incəsənət xadimi Tərlan Seyidov daxildir.