Gürcüstandakı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvətinə əsasən Abşeron rayon Xırdalan şəhər uşaq musiqi məktəbinin müəllim və şagirdləri 20-22 dekabr tarixində Tbilisi və Marneuli şəhərlərində səfərdə olublar. Kollektiv bu şəhərlərdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunmuş tədbirlərdə iştirak edib.
Dekabrın 20-də Marneuli şəhər 8 nömrəli orta məktəbdə təşkil olunan konsertdə Xırdalan uşaq musiqi məktəbinin xalq çalğı alətləri orkestri Azərbaycan klassik musiqisi və xalq musiqisindən ibarət proqram təqdim edib. Dekabrın 21-də məktəbin müəllim və şagirdləri Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olublar. Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi şagirdlərə hədiyyələr təqdim edib.
Dekabrın 22-də Tbilisidəki 64 nömrəli orta məktəbdə Xırdalan şəhər uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilib.