Yekunlaşan il ölkəmizin musiqi mənzərəsində rəngarəng tədbirlərlə yadda qalıb. Azərbaycan beynəlxalq əhəmiyyətli festivallara ev sahibliyi etməklə yenə musiqi dünyasının diqqət mərkəzində olub. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən musiqi bayramları (Qəbələ, Üzeyir Hacıbəyli, Mstislav Rostropoviç beynəlxalq festivalları) ölkəmizin mədəni həyatında mühüm hadisəyə çevrilib.
Bu il musiqimizin dünya miqyasında - Moskvada və okeanın o tayında təqdim olunması ilə də qürur duyulacaq tarixə dönüb. Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilk dəfə nümayiş etdirilib. San Dieqo merinin imzaladığı bəyannaməyə görə, 2014-cü ilin 11 oktyabrı şəhərdə “Yeddi Gözəl Günü” elan edilib.
Azərbaycanın musiqi həyatında önəmli hadisələrdən biri də görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Moskvada - Rusiya Akademik Böyük Teatrında premyerası olub. Oktyabrın 23-də gerçəkləşən premyerada mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək “Məhəbbət əfsanəsi”nin Böyük Teatrda növbəti səhnə təcəssümünü Azərbaycan mədəniyyətinin əlamətdar hadisəsi kimi qiymətləndirib.
Paris şəhərinin 1-ci rayonu meriyasının təşkilatçılığı ilə keçirilən 6-cı Beynəlxalq Mədəni Müxtəliflik Festivalında ölkəmizi Əməkdar artist Mircavad Cəfərovun rəhbərliyi altında “Cəngi” etno-caz qrupu təmsil edib. Qrupun ifası fransız musiqisevərlərin zövqünü oxşayıb. İl ərzində musiqiçilərimizin beynəlxalq festivallarda iştirakı, qastrol səfərləri və solo konsertləri də yüksək səviyyədə musiqimizin təbliğinə xidmət edib. ABŞ-ın Boston şəhərindəki Berkli adına Ali Musiqi Kollecində təhsil alan Əməkdar artist, pianoçu, bəstəkar Emil Əfrasiyabın, Əməkdar artist, caz ifaçısı İsfar Sarabskinin, “Natiq” ritm qrupunun, Xalq artisti, professor Yalçın Adıgözəlovun, muğam ifaçılarımızın sadalamadığımız onlarla konserti xarici səfərlərdə əldə edilən uğurlar siyahısındadır.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Yunanıstanın paytaxtı Afinada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilib. İl ərzində görkəmli bəstəkar və musiqişünasların, xanəndələrin yubiley tədbirləri musiqi ictimaiyyəti tərəfindən böyük məmnunluqla qarşılanıb. Xalq artisti, professor Süleyman Ələsgərovun, tanınmış dirijor və bəstəkar, Xalq artisti Tofiq Əhmədovun 90, bəstəkar, professor Sevda İbrahimovanın 75 illik yubileylərinə həsr olunmuş yubiley gecələri, SSRİ Xalq artisti Arif Məlikovun müəllif konserti və s. sənətə və sənətkara verilən qiymətin bariz nümunəsidir.
Bu il həm də Azərbaycan Bəstəkarlar İttifaqının 80 yaşı tamam oldu. Bu münasibətlə noyabrın 1-dən 5-dək paytaxtımızın konsert salonlarında və teatr səhnələrində musiqi tədbirləri gerçəkləşdi.
Moskva şəhərində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin yaşadığı binaya xatirə lövhəsinin vurulması, İspaniyanın Qalisiya vilayətinin Santiaqo de Kompostela şəhərində keçirilmiş 20-ci “Womex” dünya musiqisi sərgisində ölkəmizin təmsil olunması da musiqi sənətimizin təbliği baxımından əhəmiyyətli hadisələrdir.
2014-cü ildə həyata keçirilən layihələr, əldə olunan uğurlar həm də gələcək inkişafa münbit zəmin hazırlayır, yaradıcı insanların fəaliyyətini stimullaşdırır. Arzu edirik ki, 2015-ci il də musiqi ictimaiyyətimiz üçün xoş notlarla zəngin olsun.
Lalə Azəri