2014-cü ilin Azərbaycan incəsənəti üçün bir sıra mühüm hadisələr, musiqi və teatr bayramları, sərgilərlə yadda qaldı. Bu sırada Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən və Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasına, incəsənət əlaqələrinin möhkəmlənməsinə xidmət edən musiqi festivallarını xüsusi qeyd etmək lazımdır.
May ayında Bakıda VII Beynəlxalq Rostropoviç Festivalı, 23 iyul - 1 avqust tarixlərində Qəbələ VI Beynəlxalq Musiqi Festivalı, 18-28 sentyabr tarixində isə Bakı şəhərində VI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçirildi. Festivallarda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, Belçika, Hollandiya, İsrail, Ukrayna, Koreya və s. ölkələrdən məşhur musiqi kollektivləri, dirijor və solistlər iştirak edirdi.
İlin mühüm musiqi tədbirlərindən biri də 19-30 oktyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə gerçəkləşən ənənəvi Bakı Beynəlxalq Caz Festivalıdır. Builki festivala Craig Tabornun triosu, Terry Line Carringtonun kvarteti, Terence Blanchardın kvinteti, Stenley Klarkın qrupu kimi dünya şöhrətli musiqiçilərlə yanaşı, Azərbaycanın tanınmış caz ifaçıları və gənc istedadlar qatılmışdı.
Sentyabrın 12-də İtaliyanın Verona şəhərində “Arena di Verona” konsert zalında ilk dəfə olaraq Azərbaycan musiqiçilərinin konserti, oktyabrın 11-də dahi bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhər teatrında premyerası, 23 oktyabrda Rusiya Akademik Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin yenilənmiş quruluşda ilk tamaşası musiqi sənətimizin dünyada təbliği baxımdan əlamətdar hadisələr idi. Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyi münasibətilə 1-5 noyabr tarixində Bakıda keçirilən festival da bir sıra ölkələrdən tanınmış musiqişünas və bəstəkarları bir araya gətirmişdi.
Bu il teatr sənətimiz üçün də zəngin il oldu. 10-19 sentyabrda respublikanın 12 teatr kollektivinin, habelə Kalmıkiya (Rusiya Federasiyası) və Qazaxıstan teatrlarının iştirakı ilə Şəkidə I Beynəlxalq Teatr Festivalı təşkil edildi. Teatr sənətinin prioritet məsələlərin müzakirəsi üçün böyük əhəmiyyət daşıyan III Bakı Beynəlxalq Teatr Konfransı 5-6 noyabr tarixində keçirildi. “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusuna həsr olunmuş budəfəki konfransda 40-dək ölkədən 150-dək teatr mütəxəssisi, beynəlxalq teatr tənqidçiləri, rejissor, baletmeyster, teatr rəssamları, dramaturqlar iştirak edirdi.
Bu il həmçinin qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsi məqsədilə Azərbaycanda Türkiyənin, Moldovanın və Rusiya Federasiyası İnquşetiya Respublikasının mədəniyyət günləri keçirildi.